Vaqif Bəhmənlinin yeni kitabının imza günü keçirildi

Yanvarın 30-da Bakıdakı “Kitabevim.az" kitab marketində tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin "Belə yaxşıdır" kitabının imza günü keçirildi. Kitab Azərbaycan Yazıçılar Birliyinin "AYBkitab" layihəsi çərçivəsində işıq üzü görüb.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layihənin oxucular, ədəbiyyatsevərlər üçün əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu, müəlliflə oxucular arasında görüş, ünsiyyət üçün daha bir vəsilədir. O, Vaqif Bəhmənlini yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi.
Layihənin rəhbəri Xəyal Rza qeyd etdi ki, Vaqif Bəhmənli öz üslubu, ədəbiyyatımızda məxsusi yeri olan şairlərdəndir. Onun fəlsəfi-intellektual şeirləri oxucular tərəfindən hər zaman böyük rəğbətlə qarşılanıb. Çünki o, sözün qədrini bilib onun yükünü çəkən istedad sahibi, insanın özündən asılı olmayan duyğuları dilə gətirən şairdir.
Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə və digər çıxış edənlər Vaqif Bəhmənlinin yaradıcılığının məziyyətlərindən, şeirlərindəki poetik məzmunun dərinliyindən söz açdılar. Bildirildi ki, bu gün Azərbaycan ədəbi prosesi əlvanlığı ilə diqqəti cəlb edir. Müxtəlif üslub və janrlarda yazıb-yaradan şairlər daim axtarışdadırlar. Vaqif Bəhmənli bənzərsiz poetik nümunələri ilə oxucuların qəlbinə yol tapır. Ədəbiyyat ali yaddaşın ifadəsidir. Vaqif Bəhmənlinin şeirlərində də ali yaddaşın ifadəsini görə bilirik. Onun yaradıcılığında insan ağrısını, xoşbəxtliyini, bu dünyanın qəddarlığını özünəməxsus tərzdə bizə çatdıran sətirlərin şahidi oluruq.
Qeyd edildi ki, Vaqif Bəhmənli çağdaş Azərbaycan şeirinin parlaq nümayəndələrindən biri olmaqla yanaşı, həm də hədsiz dərəcədə həssas şairdir. O, daim yeni mövzu axtarışındadır. Yeni obraz, yeni deyim tərzi ilə diqqəti cəlb etmək onun yaradıcılığının əsas istiqamətlərindən biridir.
Sonda çıxış edən müəllif imza gününün təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi. O, "Belə yaxşıdır" kitabını imzalayaraq ədəbiyyatsevərlərə təqdim etdi. “Yazıçı” nəşriyyatında çapdan çıxan kitabda Vaqif Bəhmənlinin gənclik illərində qələmə aldığı şeirlər yer alıb.

L.Azəri