Fevralın 19-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Əməkdar jurnalist, yazıçı-publisist Yusif Kərimovun “İşğal vadisi” romanının təqdimatı oldu.
Tədbiri MŞ-nin sədri Əflatun Amaşov açaraq ədəbiyyat aləmində bir çox əsərləri ilə tanınan müəllifin yeni kitabının təqdimatının Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyini bildirdi: “Kitab əsrlər boyu ermənilər tərəfindən xalqımızın başına gətirilən hadisələri özündə birləşdirir. Dil-üslubu olduqca sadə olan “İşğal vadisi” romanı gənc nəslə bir hədiyyədir. Tarixi roman Azərbaycan torpaqlarının Rusiya və İran dövlətləri arasında bölünməsi ilə bağlı hadisələrdən və Arazbar vadisinin üzləşdiyi məşəqqətlərdən bəhs edir”. Qeyd olundu ki, yazıçı-publisist Yusif Kərimov 20-dək kitabın müəllifidir. O, ömrünün çox hissəsini jurnalistikaya həsr edib. Respublikanın nüfuzlu nəşrlərindən olan “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru (1980-1995) işləyib. “Səni mənə verməzlər” romanına görə Yazıçılar Birliyinin “Yaddaş” milli mükafatına (2003), Mətbuat Şurasının “Ali media mükafatı”na (2010) layiq görülüb. Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və digər çıxış edənlər müəllifin rəngarəng yaradıcılıq aləmindən maraqla söz açdılar, əsər haqqında fikirlərini bölüşdülər.
Sonda müəllif çıxış edərək tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi.

Savalan