Fevralın 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı-publisist Salatın Əhmədlinin Xocalı soyqırımının 23-cü ildönümünə həsr etdiyi, rus və ingilis dillərinə tərcümə olunmuş “Başdaşı əhvalatı” kitabının təqdimatı keçirilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, kitabın “ön söz”ünün müəllifi Gülxani Pənah, redaktoru Aygün Sultanlı və başqaları nəşrdə toplanmış “Başdaşı əhvalatı”, “Zirzəmidə qazılan məzar”, “Körpə səsi, ana nəfəsi”, “Günahmı, savabmı?...”, “Təndir yarası” hekayələrinin təsirli dillə yazıldığını, qələmə alınmış hadisələrin bu böyük kədəri dolğun əks etdirdiyini diqqətə çatdırıblar.
Çıxış edənlər kitabın rus və ingilis dillindən başqa, digər dillərə tərcümə olunaraq yayılmasının vacibliyini bildiriblər. Xalq yazıçısı Mirzə İbrahimov adına “Kitab Fondu”nun maliyyə dəstəyi ilə çıxan kitabın xalqımızın başına gətirilən müsibətlərin dünyada yayılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, imzası ilə kitablarını oxuculara təqdim edib.