Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) yeni nəşri - görkəmli yapon yazıçısı Akutaqava Rünoskenin “Tanrıların istehzası” hekayələr toplusu çapdan çıxıb. “Tərcümə Mərkəzinin kitabları” seriyasında işıq üzü görən kitabın tərcüməçisi Rövşən Ramizoğludur. Qısa ömür yaşamış Akutaqava Rünoskenin (1892-1925) ədəbi irsi XX əsr ədəbiyyatının ən parlaq və qeyri-adi hadisələrindən sayılır. Əsərlərinin mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritça və əfsanələrdən alan sənətkar bütün istedadını insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatında baş verənləri özünəməxsus yüngül ironiya ilə açmağa sərf edib.