Martın 17-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirildi. Əvvəlcə Tərcümə Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev Tərcümə Mərkəzinin qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirdi.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli tərcümə sənətinin məsuliyyətindən söz açdı, ölkə əhalisinin dünya ədəbiyyatı ilə tanış olmasına xidmət etdiyini, dilimizin zənginləşməsində yeri olduğunu vurğuladı.
Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn müsabiqə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, müsabiqədə tanınmış tərcüməçilərlə yanaşı, gənclər də iştirak edib. Üç mərhələdə keçirilən müsabiqəyə 115 əsər təqdim olunub.
Mərkəzin direktoru Afaq Məsud çıxış edərək bildirdi ki, “Dəf(i)nə yarpağı” bədii tərcümə müsabiqəsinin elan olunmasında məqsəd peşəkarlığın önə çəkilməsidir: “İki ildən bir keçirilməsi nəzərdə tutulan müsabiqəyə nəsr və poeziya nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul olunur. Bu bədii tərcümə mükafatı bədii tərcümə sahəsində ölkəmizin ən böyük tərcümə mükafatıdır”.
Sonra qaliblər mükafatlandırıldı. Ən yaxşı nəsr əsəri üzrə I yerə Şevrud Andersonun “Allahın qüdrəti” hekayəsini orijinaldan tərcümə etmiş Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Təvəkkül Zeynallı, II yerə Mayk Gelprin “Şam yanırdı” hekayəsinin ikinci dildən tərcüməsinə görə Akif Əli, III yerə türk yazıçısı Sabahəddin Əlinin “Asfalt yol” hekayəsinin Azərbaycan dilinə uyğunlaşdırmasına görə Şərif Ağayar layiq görüldü. Rus yazıçısı Konstantin Paustovskinin “Ala balıqların üzdükləri kiçik çaylar” hekayəsinin tərcüməsinə görə Şəfiqə Quliyeva həvəsləndirici mükafatla təltif olundu.
Poeziya nominasiyasında 1-3-cü yerlər üzrə mükafatlar təqdim olunmadı. Həvəsləndirici mükafata isə Aleksandr Blokun şeirlərinin tərcüməsinə görə Nuri Əlizadə sahib oldu.
Tədbir çərçivəsində “Tərcümə Mərkəzinin kitabları” seriyasından işıq üzü görən nəşrlərin və “Xəzər” bədii tərcümə jurnalının yeni nömrələrinin təqdimatı da keçirildi. “Tərcümə Mərkəzinin kitabları” seriyasından Xuan Rulfonun “Pedro Paramo”, Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Ernest Heminqueyin “Qadınsız kişilər”, Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində”, Matilda Urrutianın “Pablo Nerudayla yaşanan ömür”, sufi mətnlərindən seçmələr - “Xilas yolunun yolçuları”, dünya şairlərinin şeirlərindən seçmələr - “Bəşəri poeziya”, “Serbcə-azərbaycanca lüğət” kitabları təqdim olundu.
Mərkəzin rüblük nəşri olan “Xəzər” dünya ədəbiyyatı jurnalı “Debüt”, “Klassik tərcümələr”, “Nobel kürsüsü”, “Memuar” və s. rubrikalarla oxucuları dünya ədəbiyyatının tanınmış simaları ilə tanış edir.

Fariz Hüseynov