Novruz baharın gəlişi, təbiətin oyanışıdır. Novruz haqqında zaman-zaman əsərlər yazılmış, baharın tərənnümü, el bayramının möhtəşəmliyi folklor nümunələrində və yazılı ədəbiyyatımızda öz əksini tapmışdır. Tədqiqatçılar Novruz bayramının məhz qədim Şərqin əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini qeyd edirlər. Bu bayram öz ritualları, inam və sınamaları ilə məşhurdur.

AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədov bildirir ki, türk xalqlarının mifologiyasında Novruzun atributlarına daha çox “Ergenekon” dastanında rast gəlinir. Bu gün Novruzda işlənən atributlar “Ergenekon”dakı atributlarla yaxındır. Kainatın yeniləşməsini simvolizə edən bu bayramda bir keçid mərhələsi var. Günəşin ekvator xəttini keçməsi, yaz gecə-gündüz bərabərliyi də bunu izah edir.
“Kitabi-Dədə Qorqud” dastanında deyilir ki, şad gündə el bir yerə toplaşır, çadırlar qurulur, qız-gəlinlər igidlərə təmiz bulaq suyu verir, şənlik tonqalları qalanırdı. Ərlər meydanda öz hünərini göstərir, seçilənlərə ad-san verilirdi. M.Kaşğarlının “Divani-lüğət-it türk” əsərində də Novruz haqqında məlumatlara rast gəlinir. Burada baharın gəlişi, suların axması, çiçəklərin açılması yeni ilin başlanmasına işarədir. Novruz mövsüm nəğmələrində, bayatılarda da yetərincə vəsf olunub.
Həmsöhbətim ədəbiyyatımızda Novruzun rəngarəng formalarda tərənnüm edildiyini bildirir. Onun sözlərində görə, Xaqani Şirvani əsərlərinin birində Şirvan hökmdarlarına müraciət edərək “Novruz özü sizə xeyir-dua versin”, - deyir. Dahi Nizami Gəncəvinin də yaradıcılığında Novruzla bağlı məqamlar var.
Türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqi (1072-1092) təqvimin dəyişilməsi ilə bağlı komissiya yaradır. Həmin dövrdə yeni ilin məhz baharın gəldiyi gündən hesablanmasını irəli sürür. Komissiyanın tərkibinə Ömər Xəyyam, Nizamülmülk kimi mütəfəkkir-ədiblər daxil idi. Ömər Xəyyamın “Novruznamə” əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə baharın gəlişi göstərilir.
Baharın gəlişi sərdar-şair Şah İsmayıl Xətainin də yaradıcılığında əksini tapmışdır. Şair “Dəhnamə” məsnəvisinin girişində yer alan “Bahariyyə” fəslində yazır:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü...


Atəş Əhmədov bu bayramın ulus günü kimi də qeyd olunduğunu, xalqın mərasimlərə ciddi hazırlıq gördüyünü qeyd edir: “Novruzla bağlı məlumatlara Səfəvi hökmdarları I və II Şah Abbasın dövründə keçirilən bayram mərasimlərinin təsvirinə fransız səyyahı Jan Şardenin “Səyahətnamə” əsərində rast gəlirik. Onu heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması, xalqın baharın gəlişinə təmtəraqla hazırlaşması, insanların bir-birinə hədiyyələr verməsidir. Gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasında da Novruz təəssüratlarına rast gəlmək mümkündür. AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun “Səyahətlər, kəşflər və Azərbaycan” kitabında deyilir: “1637-ci ildə alman səyyahı Adam Alyari Şamaxıda əhalinin Novruzu qarşılamasının şahidi olur və bu barədə öz təəssüratlarını yazır. Aleksandr Düma da “Qafqaz səfəri” əsərində səfər boyunca rastlaşdığı xalqların mədəniyyətinin mühüm elementlərini öz əsərində əks etdirir, o cümlədən Novruzu da. Məşhur türk səyyahı Övliya Çələbi Bakıda olduğu zaman əhalinin Novruzu qarşılamasından təsirlənərək bu haqda fikrilərini qələmə almışdı”.
Müsahibim bildirir ki, görkəmli ədiblərimizdən A.Səhhətin, Y.V.Çəmənzəminlinin yaradıcılığında Novruz mövzusu silsilə xarakter daşıyır: “Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi isə “Quyruq doğdu, çillə çıxdı” adlı məqaləsində yazırdı: “Təəccüblüdür ki, bizim heç bir yerdə oxumamış kəndli nə filan ayın neçəsi olduğunu, hətta ayların adlarını belə bilməyib. Amma onunla belə, təsbehini alaraq Novruzdan tutub hesab çəkib ki, quyruq doğmağa neçə gün qalıb və filan gün çillə çıxacaqdır... Novruz ki o vaxt gün - bahar nöqtəsindən keçir, heç vaxt dəyişmir”.
Novruz deyiləndə ustad Məhəmmədhüseyn Şəhriyarı, onun məşhur “Heydərbabaya salam” poemasındakı Novruz ənənələrinin əsrarəngiz təsvirini, Xalq şairi Səməd Vurğunun bahar ruhlu şeirlərini unutmaq olmaz:

Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin...


Təbiətin Bahar qızı artıq yurdumuza qədəm qoyur. Qədəmləri uğurlu olsun!

Lalə Azəri