“Fərhad” kimi halalların estetik portretləri, “Kərbəlayi Zal” misal “marallar”ın tipik karikaturaları...

Əlbəttə, hamısı da aləm bir qələmlə. Əbdürrəhim bəyin ustad-istedad qələmi ilə. Fərdi, ictimai, milli müsbətləri - oxucu dünyası durduqca məftunluğa, mənfiləri - “ədəbi məhkum”luğa düçar etmiş Əbdürrəhim bəyin. Dövrünün “əhli-qələm”ləri içərisində “Bir özgə aləm” adlandırılan Əbdürrəhim bəy Haqverdiyevin!..

Amma onun ünvanına - yarı zarafat-yarı ciddi - “qəddarqələm”, “azı gül, çoxu gülləgülüş” kimi ifadələr də işlədilirmiş. Məclis-mərəkələrdə “Şeyx Şaban”ından, “Ovçu Pirim”indən, “Lağlağı”sından “sitat”lar təbdilləyib, “Allah heç kəsi sənin qələminə ürcah eləməsin, a Mirzə!” - deyə gülüşər, öz yır-yığıncaqlarını bir az da hal-əhvallandırarmışlar...

O Qələm... belə qələm:

“Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Arvadı son vaxtlar deyərdi:
- A kişi, sənin bu saqqalına nə şaşka yaraşır, nə şapka. Gəl, bu qorodovoyluqdan əl çək! Balaca bir alış-verişdən yapış, bir baqqal dükanı aç!
Kərbəlayi Zal isə hər dəfə belə cavab verərdi:
- Arvad, sən hökümət işinin ləzzətini anlamazsan! Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan! Bir də ki, bir-iki ildən sonra pensiyə gəlir. Ondan sonra rahatca əyləşib pensiyəni yeyərik də...
...Amma bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav onu çağırıb demişdi:
- Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Amma bir də görürsən, dünən Rusiyadan gəlmiş qorodovoy bomba tapır, tüfəng tapır, patron tapır. Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən də ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz baş tutmayacaq...
Bu sözlərin hər biri bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyir, o biri tərəfindən çıxırdı.
Axşam o, evə çox bikef gəldi. Arvad təzəcə bişirdiyi abgüstü gətirib qoydu kişinin qabağına. O isə bir-iki tikə alıb, “iştahım yoxdu” mızıltısı ilə getdi yatmağa. Amma nə illah etdisə də, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içdi, otaqda xeyli var-gəl etdi və getdi qarovula.
O, “Qanlı küçə” ilə “Zavallı” küçələrinin küncündə durub pristavın sözlərini hələ də fikir-zikir edirdi. Gecə yarıdan xeyli keçmiş gördü ki, nalbənd Feyzullanın qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval, çuvalın içində isə girdə-girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən çox ehmallıca alıb apardılar, sonra da atı tələm-tələsik içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal öz-özünə: “Daha baxt ulduzum parıldadı; gecənin bu vaxtında gətirilən bu girdə şeylər xatalı şey olmaya bilməz!” - deyib, fit çaldı. Səsə yaxındakı qorodovoy Patap gəldi.
- Vot Patap, bomba rabatay!
- Qde?
- Dom Feyzulla bomba pirnesom.
Patap da əlbəəl İvana xəbər elədi, İvan - oqolodoçinə, oqolodoçin - pristava, pristav - qalabəyinə, qalabəyi - jandarmlar rəisinə.
Yarım saatdan sonra usta Feyzullanın evini kazaq, saldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla qapıya çıxıb, xəbər aldı:
- Kimsən?
Dedilər:
- Aç qapını!..”
O fağır usta Feyzullanın qapını açıb, o zavallı, çarəsiz Kərbəlayi Zalın “hökumət əməli”nin nəticəsindən nələr görüb-eşitdiyini “köhnə”, “konservativ” oxucular yaxşı bilirlər. Bəs əksər “yeni”lər? Əsasən, nöqtə-vergülsüz, bədii qanad-quyruqsuz yazan yazıçıları oxuyanları, xüsusi isimləri balaca, ümumiləri (bəzən diş fırçalarını, yuyucu tozları belə!) baş hərflərlə təqdimləyən verilişləri bəyənən “kreativ”ləri deyirəm...

Bu müəllif kim?..

Öncə belə bir obraz işlədək ki; yaratdığı obrazları “kardioqram”ınadək açıb göstərən ədəbi həkim!..
Ardınca, hamıya məlum tərcümeyi-halından ixtisarlayaq ki; 17 may 1870-ci ildə Şuşada - ədəbiyyat, incəsənət, fərdi-ictimai mədəniyyət, elm-irfan sahələrinin çiçəkləndiyi şəhərdə doğulub, 17 dekabr 1933-cü ildə Bakıda - yuxarıda sadalanan əlamət və keyfiyyətlərinin soldurulub, fiziki-mənəvi repressiyalara uğradılmaqda olan paytaxtımızda dünyasını dəyişmiş görkəmli Azərbaycan yazıçısı, dramaturqu, pedaqoqu, ədəbiyyatşünası, Şərqin ilk operasının (“Leyli və Məcnun”un) ilk dirijoru...
İbtidai təhsilini 1880-ci ildə Şuşada - Yusif bəyin müvəqqəti yay məktəbində, daha sonra “Şuşa realnı məktəbi”ndə alan Əbdürrəhim bəy hər ötən gün “gələcək” haqda düşünüb-daşınırmış. Bu fikir-xəyal onu ovaxtlar dillərdən düşməyən “Şəhri-Tiflis”ə aparır və orada “realnı məktəb”i bitirir. Amma bu da “gələcək” təşnəli gəncin ürəyini soyutmur və o, Peterburqa yollanır. Yol Mühəndisləri İnstitutuna daxil olub, 1891-1899-cu illər müddətində “bir vaxtlar yuxusuna da girməyəsi təhsil-təlim” alır. Həmin illərdə “azad müdavim” sifətilə universitetin şərq fakültəsinin dinləyicisi də olur və onda ədəbiyyata güclü meyl yaranır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Dağılan tifaq” əsərlərini elə tələbə ikən yazır və sonuncunu Peterburqda nəşr (1899) etdirir. Ali təhsildən dərhal sonra Şuşaya qayıdan və burada tamaşalar təşkil edən Əbdürrəhim bəyin ictimai-ziyalı şöhrəti genişlənir və o, Bakıya gəlib, “daha iri işlərin qulpundan yapışır”. Onun rəhbərliyi ilə şəhərdə Şərq konsertləri verilir. Daha sonra burada ilk hekayələri “İki hekayət” adı ilə çap edilir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilir. Peterburqda olarkən, dövlət kitabxanasında yeni əsərinə (“Ağa Məhəmməd şah Qacar”a) materiallar toplayır. İranı, Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edir, “Ceyranəli”, “Xortdan”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə və felyetonlarla çıxış edir...
...Və obyektiv səbəblər üzündən qısa yazmalı olduğum bu yazını yenə -

O Qələmdən -

kiçik bir nümunə ilə bitirirəm:
“Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Qazancın azı, çoxu olmaz. Harda qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Mən özüm Məkkəni, Mədinəni ziyarət edib, üzümü həcərüləsvədə sürtmüşəm və vaxta ki, bunu mən deyirəm, qəbul edin! Təzəşəhərdə üç böyük evim, iki meyvə bağım, bir topdağıtmaz dükanım olmasına baxmayaraq, hər hansı bir işdə danışıb kəsişməsəm, əlimi cibimə salmaram!”
Bu böyük ustadın qələm-karikaturları barədə növbəti yazılarımızda...

Tahir Abbaslı