Ordubad toyları maraqlı xüsusiyyətləri ilə fərqlənir

Ölkəmizin regionları milli adət-ənənələrin, ayin və mərasimlərin özünəməxsus cəhətləri ilə seçilir. Ordubad da zəngin mətbəxi, qədim adət-ənənələri olan bölgələrimizdəndir. Bölgənin toy-düyünü minillik dəyərlərin əsas elementlərini özündə yaşadır. Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Səadət Məmmədova ilə söhbətimiz bu barədədir.

- Səadət xanım, Ordubadın toy mərasimləri hansı xüsusiyyətlərə malikdir?
- İnsan həyatında mühüm yer tutan toyun bir sıra əxlaqi və estetik keyfiyyətləri özündə birləşdirən mərasimləri var. Azərbaycanın bütün tarixi-etnoqrafik zonalarında olduğu kimi, Ordubad rayonunda da toy mərasimi bir neçə mərhələdən ibarətdir. Əvvəlcə oğlanın valideynləri hər hansı bir qızı oğluna almaq üçün niyyət edir. Bu məqsədlə çaylaqdan bir daş gətirib evin küncünə qoyar və gözləyərlər. Əgər yaxın müddət ərzində ailənin həyatında xoşagəlməz bir hadisə baş verərsə, daşı küncdən götürüb atırlar. Bununla da niyyət pozulur. Bu da sirr olaraq ata və ana arasında qalır. Əksinə, daşın küncə qoyulmasından sonra ailənin həyatında hadisələr yaxşılığa doğru gedərsə, demək, bu, niyyətin xeyirli olduğuna işarədir. Bu halda valideynlər niyyətlərini ailənin digər üzvlərinə, qohum-əqrəbalarına bildirərlər.
İlk olaraq oğlanın anası, bacısı və yaxud xalası elçi gedir. Bu elçilik gizli keçdiyi üçün buna “ağızarama” da deyilir. Məsələni qızın atasına və yaxud onu əvəz edən ailə başçısına çatdırmaq xahiş olunur. Əgər qızın atası bundan imtina edirsə, niyyət baş tutmur və məsələ bağlanmış olur. Buna el arasında “bir daş altdan, bir daş üstdən” deyirlər. Qız evinin rəyi müsbət olduğu halda isə təyin olunan gün oğlanın qohum və dostları arasından seçilmiş nüfuzlu adamlar elçiliyə gedirlər. Oğlanın atası öz adamlarının arasından bir nəfəri “vəkil” seçir. Qız tərəfindən də “vəkil” təyin olunur. Sonrakı mərhələlərdə elçiliyi “vəkillər” davam etdirirlər. Çünki bəzən “hə” cavabı iki-üç elçilikdən sonra verilir.
- Tərəflər razılığa gəlirsə, proses sonra necə davam edir?
- Növbəti elçilik “hə vermə”, “söz kəsdi”, “söz almaq”, “bəlgə” və yaxud “nişan” adlanır. Əvvəlki elçiliklərdən fərqli olaraq, bu zaman elçilərin sayı bir qədər çox olur. Qız üçün bir ədəd qırmızı qaşlı qızıl üzük və bir ədəd baş örtüyü - “çarqat” (yaylıq) gətirilir. XX əsrin 60-cı illərindən başlayaraq qırmızı qaşlı üzük “barmaqcıq”, qaşsız üzüklə əvəz olunur. Qız tərəfinin vəkili “hə” deyəndən sonra oğlanın bacısı xonçaları açır və üzüyü qızın barmağına taxır, yaylığı da başına örtür. Qızın anası üzük taxana hədiyyə verir. Bundan sonra xonçalardakı şirniyyatlar hamıya paylanır. Buna da “ağız şirinetmə” deyilir. “Hə” alınandan və “şirni içmə” mərasimindən sonra, yəni birinci həftənin şənbə günü “şənbə tabağı” və yaxud “işıqlıq” adlanan mərasim keçirilir. “Şənbə tabağı”na güzgü, lampa, qızıl zinət əşyaları, paltarlar və şirniyyat qoyulur. Bu ərəfədə oğlanın “vəkil”i kəbin kəsdirir. Bu da oğlanın qız evinə ayaqaçdısı hesab olunur.
- Toya hazırlıq zamanı hansı ayinlər icra olunur?
- Toydan bir gün əvvəl oğlan evi qız evinə xına göndərir. Qızın yanına həmin gecə cavan qızlar və yaxın rəfiqələri ziyafətə dəvət olunur. Bu mərasim “qız başı” adlanır. Camda isladılmış xına gəlinin başına, əlləri və ayaqlarına yaxılır. “Xınayaxdı” mərasimi çox şən və maraqlı keçir. İştirakçılar çalıb-oxuyurlar və kişi paltarı geyinib oyun göstərirlər.
Gəlinin ata evindən çıxmasından dörd saat əvvəl oğlan evindən qadın nümayəndələr gəlib gəlini bəzəyirlər. Buna da el arasında gəlin bəzəyi - “qaş aldı” deyirlər. Gəlin köçən günü qız evində çalıb-oynayırlar. Oğlan tərəfi musiqinin müşayiəti ilə qız evinə yaxınlaşanda, buradakı musiqiçilər öz yerini oğlan evinin musiqiçilərinə verir. Ordubad rayonunda gəlini axşam saat 10-11 radələrində gətirirlər. Gəlin evdən çıxan zaman məcməyidə bir neçə şam yandırır və üstünə süzgəc çevirirlər. Başına qırmızı yaylıq salan gəlin bu süzgəcin üstünə çıxır. Oğlanın bacısı gəlinin başının üstünə yeddi cür ipək parçanı qayçı ilə doğrayıb tökür. Bu simvolik olaraq gəlinin dilinin gödək olması üçün icra olunur. Gəlinin qaynı isə onun belini bağlayır. Bu ayin rəmzi olaraq gəlinin belinin möhkəm olması və bununla yeni nəsil gətirməsi mənasını daşıyır.
Daha sonra qaynı gəlinin başına imkanına görə pul qoyur. Bu da “süd pulu” adlanır və gəlinin anasına çatır. Sonra gəlinin yaxınlarından biri (atası, əmisi və s.) qıza xeyir-dua verir. Oğlan və qız yengələri gəlini süzgəcdən düşürüb, birinin əlində güzgü, o birinin əlində yanan lampa qoluna girib evdən çıxarırlar. Bu da gəlinin yolunun işıqlı olması deməkdir.
- Gəlin yeni ocağa gələndən sonra yerinə yetirilən adətlər nə ilə fərqlənir?
- Gəlin onun üçün hazırlanmış otağa keçir, amma oturmur. Çünki adət üzrə qayınana-qayınata ona “diz dirəyi” verməlidir. “Diz dirəyi” üçün müxtəlif hədiyyələr (üzük, palaz, inək, arı pətəyi və s.) vəd olunandan sonra o əyləşir. Əgər gəlin gələn həyətdən çeşmə axırsa, onda “bu çeşmə sənin olsun”, yəni həyatın su kimi axarlı və aydın olsun deyilir. Gəlinlə gələn yengələr üçün çay süfrəsi açılır. Gəlin üçün şirin çay gətirilir. O, çaydan bir qurtum içir, sonra oturanların hərəsi bu çaydan içib dağılışırlar. Qızla gələn yengələr oğlanın valideynlərinə gözaydınlığı verirlər. Bu da “xətircamlıq” adlanır. “Xətircamlıq” üçün oğlan evi yumurta çilov bişirib bəy-gəlinə verirlər.
Toy gününün səhərisi “duvaqqapma” mərasimi keçirilir. Bu mərasimə oğlan evinin qonaqları ilə bərabər qız evindən də adamlar dəvət olunur. Süfrəyə beş nimçə ballı qayğanaq və südaşı qoyulur. Bu da “toy beçə” adlanır. Yengələr gəlinin başına qırmızı duvaq salır və qonaqların arasına gətirirlər. Bir oğlan uşağına iki oxlov verilir. O, oxlovla gəlinin başından duvağı götürüb bar verən ağacın başına atır. Beləliklə, mərasim başa çatır, gəlin ailənin üzvü hesab olunur.

Savalan Fərəcov