Böyük Britaniyada Azərbaycanın görkəmli yazıçısı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin «Anamın nağılları» kitabı ingilis dilində («My Mother’s Tales», London, Rossendale books, 2015) nəşr olunub. Bu, müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabıdır.
Nəfis tərtibatla çap olunan kitabı ingilis dilinə Sevinc Məhərrəmova, Gülnar Aydəmirova və Vəfa İbrahimova tərcümə ediblər. Əsərin ingiliscə mətni Betti Blair (ABŞ) və Michael Brannok (Britaniya) tərəfindən redaktə olunub. Nəşrə Bakı Dövlət Universitetinin professorları Vaqif Sultanlı və Sevinc Məhərrəmova ön söz yazıblar.
Qeyd edək ki, «Anamın nağılları» silsilə yazıları Əzizə Cəfərzadənin bədii yaradıcılığında özünəməxsus yer tutur. Kitab müəllifin anasının vaxtilə söylədiyi, yazıya köçürülməmiş, birbaşa hafizədən qələmə alınan, kökləri ilə xalq yaradıcılığına bağlı nağıl və əfsanələrdən ibarətdir. Müəllif nağıl üslubunu qoruyub saxlayaraq yazdıqlarını özünəməxsus tərzdə təqdim etməyə çalışıb.
İlk dəfə 1982-ci ildə Bakıda nəşr olunan «Anamın masalları» kitabı bundan öncə Türkiyə oxucularına da təqdim olunub. Kitabı ingilis dilində nəşrə Vaqif Sultanlı və Turan İbrahimov hazırlayıb.