Azərbaycan Mətbuat Şurasında türkiyəli araşdırmaçı-yazar Selman Akının "Həsrət məktubları" kitabının təqdimatı keçirilib. Kitabda 1918-ci ildə Azərbaycanın xilasına gəlmiş Qafqaz İslam Ordusunun keçdiyi yol, göstərdiyi şücaət sənədlərlə təqdim olunub.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitab real həyat hekayələrindən ibarət olduğundan o dövrün gerçəkliklərini göstərmək baxımından olduqca əhəmiyyətlidir: "Kitab Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gəlmiş və müharibədən sonra taleyinə qürbətdə ömür sürmək yazılmış bir türk əsgərinin xatirələrini canlandırır. Kitab bu baxımdan araşdırmaçılar üçün də əvəzsiz bir mənbədir".
Azərbaycanlıların və Digər Türk Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurası idarə heyətinin üzvü İlham İsmayılov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, qurumun idarə heyətinin üzvü, Milli Məclisinin deputatı Cavanşir Feyziyev, MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə nəşrin əhəmiyyətindən söz açıblar.
Müəllif Selman Akın kitaba göstərilən diqqətə görə Mətbuat Şurasına təşəkkürünü bildirib: "Bu kitabı yazmaq üçün uzun illər Azərbaycanda və Türkiyədə araşdırmalar aparmışam. Sizin verdiyiniz dəstək məndə əminlik yaradır ki, bu araşdırmaları davam etdirməliyəm. O dövrün hələ işıq üzü görməyən, tarixdə gizli qalan çoxlu sənədlər mövcuddur”.
Tədbirin sonunda Mətbuat Şurası və ATXƏM adından yazara diplom təqdim olunub.