İyunun 16-da Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penya ilə görüş keçirilib. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun 25 il ərzində dünya ədəbiyyatı nümunələrinin tərcüməsi üzrə gördüyü işlərdən danışıb, Azərbaycan Prezidentinin 16 may 2014-cü il sərəncamı ilə qurum yeni status qazanandan sonra bu işlərin imkan dairəsinin daha da genişləndiyini diqqətə çatdırıb.
Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin 1996-cı ildə Azərbaycan dilində çap olunan kitabını diplomata təqdim edən direktor bu ilk nəşrdən sonra yazıçının bir sıra əsərlərinin dilimizə tərcümə olunduğunu bildirib. Qeyd olunub ki, mərkəz Azərbaycan ədəbiyyatının da xarici dillərə tərcüməsinə önəm verir. Mərkəzdə yeni tərtib edilən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” hazırda bir neçə dilə tərcümə edilir. Nəşrin ispan dilinə tərcüməsinin də nəzərdə tutulduğunu deyən A.Məsud bu işdə ispan dili daşıyıcıları olan bədii tərcümə ustalarının, yazıçı və şairlərin iştirakının vacibliyini qeyd edib.
Kolumbiyalı diplomat bu layihənin əhəmiyyətini qeyd edib. Mərkəzin təşkil etdiyi Azərbaycan dili kurslarının iştirakçısı olan Assad Xose burada görülən işləri, ədəbiyyata, bədii tərcüməyə olan münasibəti yüksək dəyərləndirib. O həmçinin Azərbaycan və Kolumbiya şairlərinin şeirlərinin yer alacağı poeziya toplusunu nəşr etmək təklifini irəli sürüb.
Görüşün sonunda Azərbaycan Tərcümə Mərkəzinin nəşrləri, Qabriel Qarsia Markesin əsərlər toplusu diplomata hədiyyə edilib.