Bəşər övladının beşikdən məzara qədər gedəcəyi məsafəni, başına gələcək hadisələri, yaşantıları Tanrı əvvəlcədən bəlirləyir, onun xəritəsini cızır və bunları qüdrətdən sehrlənmiş qələmiylə insanın alnına həkk edir. Tanrı insana yaşamaq üçün vacib olan hər şey, ən əsası, ağıl verib. Bunların müqabilində O, yalnız özünə sayğı istəyir. Dua etmək, şükür etmək və s. kimi çox sadə insani keyfiyyətlərlə Ona sayğını göstərə bilərsən. Mövlanənin dili ilə desək: “Qüdrət nemətinə şükür etmək sənin qüdrətini artırar”.

Hər bir insanın daxilində Tanrıdan bir zərrə mövcuddur. Ustad Nəsiminin əsrlər boyu mübahisələrə səbəb olan “ənəlhəq” kəlməsi əslində çox anlaşılandır: “Həqq məndədir!”
Zaman-zaman bir çox yaradıcı insanlar qeyd olunan mətləbi bu və ya digər şəkildə insanlara diktə etməyə çalışmışlar. “Sənsən mənim canım canı”, - deyən, vəhdəti-vücud fəlsəfəsini bədii dillə təzahür etdirərək Tanrıya üz tutan dərvişlər dərvişi Yunus Əmrə bütün yaradıcılığı boyu bu yoldan, bu inancdan sapmamış, Tanrını mədh etməkdən usanmamışdır. Əksinə, Allaha olan sevgisini böyük zövqlə qələmə alaraq insanları ürfana səsləmişdir. Yunus Dədənin əsərləri Allah adıyla başlayıb, Allah adıyla da bitir. Şeirlərinin, demək olar, hamısında Haqq yolundan, can borcundan söhbət açılır. Yeri gəlmişkən, qeyd edək ki, Yunus Əmrənin “Güldəstə” adlı kitabı türkcədən dilimizə uyğunlaşdırılaraq 1992-ci ildə Bakıda “Yazıçı” nəşriyyatında çapdan çıxıb.
Kitabda yer alan bədii nümunələrin dilimizə uyğunlaşdırılması bəzi uğursuzluqla müşahidə olunur və yaxşı ki, bu bir o qədər də çox deyil. Məsələn, ulu ozanın
Sənsin bənüm canum canı,
sənsüz qərarum yoqdurur,
Uçmaqda sən olmaz isən,
vallah, nəzərüm yoqdurur.
misraları Azərbaycan dilinə belə çevrilib:
And olsun cana, ey canım,
sənsiz qərarım yoxdu, yox,
Eşq ilə ərşə uçmasaq,
uçmaq nəzərim yoxdu, yox.
Bu çevirmədə bir neçə nüansa diqqət yetirək. Beytin əvvəli “sənsən mənim canım canı” kimi verilə bilərdi. Çünki orta çağ Azərbaycan şeirində bu sayaq ifadələrə (“canım canı”, (türkcə canımın içi) tez-tez rast gəlirik. Bu, Azərbaycan oxucusu üçün tam anlaşılan bir ifadədir. Şeirin rədifinin “yoqdurur” deyil, “yoxdu, yox” kimi verilməsi təbiidir. “Yoxdur” (türkcə yoktur) sözünün “yoqdurur” kimi deyilişi, o cümlədən bu tərz söz və ifadələr müasir türk dili üçün də artıq arxaikləşmişdir. Bu sayaq ifadə tərzi, ola bilsin, Türkiyənin bəzi əyalətlərində şivə kimi yaşamaqdadır, amma dil normasına zidd olması şübhəsizdir. Beytdəki “uçmaq” sözü Azərbaycan və ya türk dilində işlədilən və qanad açmaq, pərvazlanmaq mənasını verən “uçmaq” feili ilə sadəcə omonimdir. Məna baxımından isə heç bir uyğunluqları yoxdur. Buradakı “uçmaq” sözü cənnət mənasında işlədilib. Yuxarıda da qeyd olunduğu kimi, sətrin mənası odur ki, şair özünü Tanrısız cənnətdə belə təsəvvür etmir.
Yunus Əmrənin şeirləri əsasən heca vəznindədir. Əruz vəznində yazdığı şeirlərdə belə sanki aşıq şeiri, xüsusən də gəraylı intonasiyası var. Şairin üslub baxımından Füzulinin “Məni candan usandırdı” adlı məşhur qəzəli ilə səsləşən qəzəlləri bunu deməyə əsas verir:
Uyqudan gözüm oyandı,
oyandı - qana boyandı,
Yandı şol yürəgim, yandı,
neçin ağlarsın, bülbül, hey?
Füzuli:
Qamu bimarinə canan,
dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman,
məni bimar sanmazmı?
Bu misraları hər birində səkkiz heca olmaqla alt-alta yazsaq, ənənəvi gəraylı formasında olduğunu görə bilərik. Sadəcə fərq ondan ibarətdir ki, Füzulinin şeirində uzun səslənən saitli sözlər (bimar, canan, dəvayi-dərd və s.) işlədilib ki, bu da bilavasitə əruz vəzninə xas olan bir qaydadır. Y.Əmrə isə, əksinə, bu qaydanı pozaraq əruz şeirinə aşıq şeirinin havasını gətirmişdir.
Yunus Əmrə kandan gəlib məkana üz tutan bir dərvişdir. Dərvişlik məqamına çatmaq hər qulun işi deyil. Bunun üçün bir çox müsbət keyfiyyətə və ilahi sevgiyə malik olmaq lazımdır. Özünün dediyi kimi:
Dərvişlik dedikləri bir əcaib duraqdur,
Dərviş olan kişiyə əvvəl dirlik gərəkdür.
Tələb olunan müsbət keyfiyyətlər və ilahi sevgi ustadın dirlik adlandırdığı həyatın içindədir. O həyat ki, dünya adlanan fani nəsnənin ayrılmaz tərkibidir. Bu dünyanın bütün yolları axirətə aparır. Kimi bu uzun və keşməkeşli yollarda çirkaba bulaşır, kimi də ruhunu və ürəyini pak saxlayaraq Tanrının hüzuruna alnıaçıq, üzüağ çıxır.
Mənzili iraq bu yolun, bu yola kim varası?
Müşkülü çoq bu yolun, bunu kim başarası?
Sonuncu beytdə ustad Haqqa çağırış vaxtının yetişdiyini qeyd edərək öz timsalında bəşər övladını dünya malından uzaq durmağa, daha geniş mənada, varlıqdan ayrılıb yoxluğa doğru getməyə çağırır. Və insanla şərt kəsir: əgər gözlərin dostun, yəni haqqın camalına baxmağa layiqdirsə, yəni ömrünü haram işlərə gözünün ucu ilə də baxmadan keçirmisənsə, Onunla görüşə hazır ol:

Yunus, imdi səladur, gəl gedəlüm yoqluğa,
Gözlərün layiq isə dost didarın görəsi.
Yunus Əmrə sufidir, dinin, haqq kitabının, haqq buyruğunun carçısıdır.
Tanla turub başun qaldur, əllərini suya daldur,
Tamudan azadlu oldur, qullar azad olsa gərək.

O, bir mistikdir, təsəvvüf elminin daşıyıcısıdır. Tanrının dünyanı yaratmasından, dağların, daşların, suyun, asimanın və s. yerbəyer edilməsindən bəhs edən ozan qeybət, qəzəb, səbir, səxavət, mala qənaət və s. barədə insanlara bir çox nəsihətlər verir.
Yunus Əmrəni Yaxın Şərq və Azərbaycan şairlərinə, xüsusən də Füzuliyə və Nəsimiyə yaxınlaşdıran cəhət onların ortaq yaradıcılıq üslubu, oxşar poetik tərzi və ən əsası Allaha, peyğəmbərlərə, müqəddəs kitablara olan yüksək münasibət, sonsuz sayğı və ehtiramıdır.
Nəsimi yazır:
Gördügüm ol, bildigim ol, istəgim həm oldurur,
Əvvəl oldur, axır oldur, anı gözlər gözlərim.
Y.Əmrə:
Sənsin bu gözümdə görən,
sənsin dilimdə söyləyən,
Sənsin bəni var eyləyən,
sənsin həmin öndən sona.
Bu örnəklərdə Tanrının gözlə görünən hər yerdə olduğundan, dünyanın və insanın yaradılışından lakonik və səlis şəkildə bəhs olunmuşdur.
Yunus Əmrə XIII əsr türk şeirinin ən möhtəşəm nümunələrini yaratmış qüdrətli sənətkardır. Şeirlərində özünü Dərviş Yunus, Qoca Yunus, Qul Yunus və s. adlarla təqdim edən şairin təxminən 1240-cı ildə Türkiyədə Sivrihisar yaxınlığındakı Sarıköydə doğulduğu, 1320-ci ildə vəfat etdiyi ehtimal edilir. Gerçək olan isə budur ki, onun şeirləri yaradıcılıq məcmusu olaraq eşqlə dolu, yüksək bədii-estetik gücə malik ədəbi xəzinədir. Əsrlər ötəcək, dünya fani olduğunu hər dövrdə göstərəcək, amma Yunus Əmrə və onun timsalında böyük yaradıcılıq irsi qoyub getmiş dühalar heç vaxt tarixin yaddaşından silinməyəcək.

Pərviz Axund