İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Stokholmda azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzun yol” romanının təqdimatı olub. Təqdimat Botşurka dairəsindəki “Xalq evi”ndə Azərbaycan və İsveç dillərində keçirilib.
“Bakıdan Qahirəyə və Stokholma uzun yol” romanında azərbaycanlı gənc xanımın taleyindən danışılır. O, Dövlət Təhlükəsizliyi Komitəsinin agenti kimi Qahirəyə sovet səfirliyində diplomatik xidmətə göndərilir. Ona Asuan bəndinin tikintisində işləmək tapşırılır. Təhlükələrlə dolu ağır həyat yolu başlayır. İsveçli hersoqa olan böyük məhəbbətini də burada yaşayır.
Yazıçının sözlərinə görə, əsas məqsədi məhəbbətin sərhəd və maneə tanımadığını göstərmək olub. Romanın qəhrəmanları - azərbaycanlı gənc xanım və İsveç hersoqu bütün çətinliklərə və sovet təhlükəsizlik xidmətinin təqib təhlükəsinə baxmayaraq, kitab boyu bu məhəbbəti yaşayacaq və ömürlərinin sonunadək ona sadiq qalacaqlar.
İsveçdə roman ingilis dilində təqdim olunub. Kitab artıq Avropanın kitab mağazalarının rəflərində satışa çıxarılıb. Müəllif kitabın ingilis dilində bir neçə nüsxəsini Botşurka bələdiyyəsinin mədəniyyət mərkəzinə təqdim edib.
“Bakıdan Qahirəyə və Stokholma uzun yol” Almaniyada yaşayan soydaşımızın ikinci romanıdır.