Sentyabrın 8-də Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzin direktoru Afaq Məsud qonağa dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bu sırada Latın Amerikası ədəbiyyatının daim diqqət mərkəzində olduğu vurğulanıb. Qabriel Qarsia Markes, Varqas Lyosa, Xulio Kortasar, Borxes kimi yazıçıların əsərlərinin Azərbaycanda ilkin nəşrini Tərcümə Mərkəzi həyata keçirib. Meksika ədəbiyyatından Ottavio Pasın əsərləri mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında dərc edilib. Meksika ədəbiyyatının fəxri, dünya ədəbiyyatının korifeylərindən sayılan Xuan Rulfonun “Pedro Paramo” romanı tərcümə olunub və kitab halında nəşr edilib.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Meksika ilə Azərbaycan arasında əlaqələrdən söz açıb. Diplomat Azərbaycan dilini öyrəndiyini və mərkəzin əcnəbilər üçün açdığı Azərbaycan dili kurslarına yazılmaq istədiyini deyib. O, Azərbaycan ədəbiyyatının Meksikada nəşri və təbliği istiqamətində artıq bir neçə qurum və təşkilatlarla danışıqlar apardığını bildirib.
Sonda səfirə Tərcümə Mərkəzinin nəşrlərindən olan Xuan Rulfonun “Pedro Paramo” kitabı hədiyyə edilib.