“Brill” nəşriyyatı tərəfindən çoxcildli İslam Ensiklopediyasının yeni - üçüncü nəşrinin hazırlanması bir neçə ildir ki, davam edir. Almaniyalı alim Mixail Reinhard Hess uzun illərdir ki, Azərbaycan ədəbiyyatı ilə bağlı bir sıra oçerklərin yazılması ilə məşğuldur. O, yeni nəşr üçün “Azərbaycan ədəbiyyatı” adlı icmal xarakterli yazı, Abbasqulu ağa Bakıxanov, Abdulla Şaiq, Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Abbas Səhhət və başqa yazıçı-şairlərimiz haqqında oçerklər hazırlayıb.
O, Almaniyada nəşr olunan ədəbiyyatla bağlı ensiklopediya və lüğətlərdə Azərbaycan ədəbiyyatına aid hissələrin yazılmasında da fəal iştirak edir. 2000-2004-cü illərdə Alman Elmi-Tədqiqat Assosiasiyası M.Hessi böyük Azərbaycan şairi Nəsiminin türkcə divanının tədqiqi layihəsinə cəlb edib. Həmin illərdə alim dəfələrlə Bakıya, İstanbula, Konyaya səfər edərək şairin divanının əlyazma nüsxələri üzərində araşdırma aparıb. Almaniyalı alim 2009-cu ildə bu tədqiqatı əsasında “Həqq əhlinin dili. İmadəddin Nəsiminin türkcə divanı üzərində tədqiqat” kitabını nəşr etdirib.