Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Mirzə İbrahimov” monoqrafik albomu çapdan çıxıb.
700 səhifəyə yaxın albom-monoqrafiyada Xalq yazıçısı, dövlət xadimi Mirzə İbrahimovun şəxsi arxivindən seçilmiş çoxsaylı fotolar yer alıb. Fotolarda Azərbaycan Yazıçılar İttifaqına başçılıq etmiş, sonradan SSRİ Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin sədri, SSRİ Ali Sovetinin deputatı olmuş Mirzə İbrahimovun zəngin və mənalı ömür yolu əks olunub. Teymur Əhmədovun böyük zəhməti sayəsində bu fotoşəkillərin bir çoxu ictimai sərvətə çevrilib.
Bu geniş həcmli materialdan yazıçının mənəvi mübarizələrinin və axtarışlarının təsirli mənzərəsi yaranır, XX əsrin görkəmli söz ustasının, ötən yüzillikdə də Azərbaycanın ən nüfuzlu ictimai xadimlərindən birinin canlı, çoxrakurslu portreti canlanır.