AMEA-nın Folklor İnstitutunda “Usta söyləyicilərin repertuarı” toplusu çapdan çıxıb.
Toplu Azərbaycanda nağıl söyləyicilərinə həsr olunmuş ilk kitabdır. Kitabda öz dəst-xətti, söyləyicilik manerası, zəngin repertuarı ilə seçilən dörd söyləyicinin - Narış Bayramova (Ağcabədi), Musa Bayramov (Bərdə), Əli Süleymanov (Ağdam) və Abbas Abbasovun (Cəbrayıl) şifahi irsi cəmlənib.
Adıçəkilən söyləyicilər Folklor İnstitutunun Qarabağ layihəsi çərçivəsində 2012-2014-cü illərdə bölgəyə təşkil olunmuş ezamiyyələr zamanı aşkarlanıb və onların şifahi irsi yazıya alınıb.
Müxtəlif peşə sahibi olan bu söyləyicilər erkən yaşlarından şifahi ədəbiyyata böyük maraq göstərib, valideynlərindən, ağsaqqallardan eşitdikləri nümunələri yadda saxlayıblar. Azərbaycan nağıl repertuarını yeni süjetlərlə zənginləşdirib, folklorumuza həm informasiya yükünə, həm də variant xüsusiyyətlərinə görə fərqlənən yeni nağıllar bəxş ediblər.
Kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Layihənin müəllifi AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, materialların toplayıcısı filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilovdur.

S.Soltanlı