Sentyabrın 18-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatının 2015-ci il üzrə laureatları ilə görüş keçirildi.
Görüşü Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid açaraq “Qızıl Kəlmə” mükafatının Azərbaycan nəsrində, poeziyasında, ədəbi tənqidində seçilən, öz maraqlı, uğurlu axtarışları, əsərləri ilə fərqlənən yaradıcı insanlara təqdim edildiyini bildirdi. Bu ənənənin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi.
Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli “Qızıl Kəlmə” mükafatı sahiblərinin yaradıcılıqlarına yaxından bələd olduğunu dedi: “2008-ci ildə təsis olunan mükafat üzrə müsabiqə iki ildən bir keçirilir. Əsas məqsəd çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini geniş oxucu auditoriyasının maraqla qarşılaya biləcək əsərlər yaratmağa təşviq etməkdir”.
Bildirildi ki, bu il müsabiqəyə 5 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid, publisistika, orijinaldan bədii tərcümə və uşaq ədəbiyyatı) 61 əsər təqdim edilmişdi. Nazir Əbülfəs Qarayevin təklifi ilə gələcək müsabiqəyə ədəbiyyatın digər janrları da əlavə ediləcək. Nominasiyalar üzrə ən yaxşı 2 əsər mükafata layiq görülüb. Bundan əlavə bu dəfə daha 2 əsər “Şans” ödülü alıb.
Sonra ədəbi mükafatın laureatlarından Natiq Məmmədli, Şəmil Sadiq, Əhməd Qəşəmoğlu, Ramiz Məmmədzadə, Azər Turan və başqaları müsabiqənin əhəmiyyətindən danışdılar.

Lalə Azəri