Oktyabrın 8-də İsveç Kral Akademiyası 2015-ci ilin ədəbiyyat sahəsində Nobel mükafatının qalibini elan edib. Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatına bu il Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb.

Svetlana Aleksiyeviç 1948-ci ildə anadan olub. İxtisasca jurnalistdir, Belarusda müxtəlif qəzet və jurnallarda çalışıb. Tarixi sənədli əsərlərin müəllifidir. Əsərlərini rusca yazır. 1985-ci ildə çap olunan “Müharibənin qadın siması olmur” (müharibə dəhşətlərini yaşamış qadınların monoloqları) kitabı Lenin komsomolu mükafatına layiq görülüb. “Sink oğlanlar” (1989) və “Çernobıl duası” (1997) kitabları da böyük rezonans doğurub.
Yazıçı 2000-ci illərin əvvəllərindən Belarusla yanaşı, Avropa da yaşayır. 2011-ci ildə Remark mükafatına, 2006-cı ildə ABŞ-ın “Milli tənqid” mükafatına layiq görülüb. 2014-cü ildə onun “Sekond hend vaxtı” kitabı “Böyük kitab” mükafatı üçün oxucular arasında səsvermənin nəticələrinə görə “Oxucu rəğbəti” mükafatı qazanıb.
Svetlana Aleksiyeviç hələ 2013-cü ildə Nobel mükafatına namizədlərdən biri sayılırdı. O vaxt mükafat Kanada yazıçısı Elis Manroya verildi. 2014-cü ildə də o, iddiaçıların üçlüyünə daxil olmuşdu. Həmin il mükafatı Fransa yazıçısı Patrik Modiano qazandı.
Belaruslu yazıçı ədəbiyyat üzrə Nobel mükafatı alan 14-cü qadındır. O həmçinin rusdilli yazıçılar arasında bu mükafatı qazanan sayca 6-cı (İvan Bunin, 1933; Boris Pasternak, 1958; Mixail Şoloxov, 1965; Aleksandr Soljenitsın, 1970; İosif Brodki, 1987) müəllifdir. Nobel mükafatının məbləği 8 milyon İsveç kronu (950 min dollar) təşkil edir.