Oktyabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 70 illik yubileyi qeyd olunub.
AYB-nin katibi Rəşad Məcid yubilyarın yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb. Bildirilib ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliğinə, Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına töhfə verib. Yazıçı əsərləri ilə xalqımızın başına gətirilən müsibətlərə güzgü tutur, haqq işimizin dünyaya çatdırılması yolunda əlindən gələni əsirgəmir.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə qeyd edib ki, Fazil Güneyin müxtəlif janrlarda yazılmış əsərlərinin aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıqdır. “Ulduz sövdəsi” pamfletlər toplusu, Qarabağ müharibəsindən bəhs edən “Qara qan” tarixi romanı, ABŞ-da ingiliscə çap olunan “Reality in Lie” hekayələr və povestlər toplusu və digər kitabları maraqla qarşılanıb.
Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni yaradıcılıq axtarışlarından söz açıb.