AMEA-nın Folklor İnstitutu “Güney Azərbaycan folkloru” çoxcildliyinin IV və V cildlərini çap edib. Kitablarda Güney Azərbaycanın zəngin şifahi xalq yaradıcılığı örnəkləri - uşaq folkloru, düzgülər, acıtmalar, tapmacalar, oyunlar, andlar, alqışlar, xeyir-dualar, atalar sözü və məsəllər, deyimlər, bayatılar, nağıllar, lətifələr, əfsanə və rəvayətlər, bayram oyunları, toy adətləri, inanclar, ovsunlar, eləcə də xalq təbabəti və xörəklər haqqında geniş bilgilər əksini tapıb.
Cildlər müxtəlif yazılı qaynaqlardan materialların seçilərək transliterasiya olunması və informatorlardan toplanaraq yazıya alınması yolu ilə tərtib edilib. Təbriz, Miyana, Xoy, Ərdəbil, Heris, Mamağan, Tufarqan və başqa bölgələrin folklor örnəklərinin orijinallığı saxlanılıb.
“Güney Azərbaycan folkloru” layihəsinin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, tərtib edənlər filologiya üzrə fəlsəfə doktoru Mətanət Abbasova və güneyli soydaşımız, “Xudafərin” jurnalının redaktoru Hüseyn Şərqidərəcəkdir.
Mətnləri M.Abbasova, Kəmalə Qasımova, Lalə Şabanova ərəb qrafikasından latın qrafikasına çeviriblər. Kitabların redaktorları filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov və Aydın Mustafayevdir.

Soltan