Ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə Özbəkistanın Xalq şairi Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən C.Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılacaq və “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemaları orijinaldan tərcümə olunacaq.
Sənədə görə 2016-cı ilin aprel ayında “Sirlər xəzinəsi” əsərinin tamamlanması nəzərdə tutulub. Beş əsərin tərcüməsi 2017-ci ildə tamamlanmalıdır.
Səfirliyin birinci katibi, AMM-in direktoru Samir Abbasovun sözlərinə görə, bu razılaşma ilk dəfə olaraq Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına imkan yaradacaq. Tərcümədən sonra “Xəmsə” AMM-in layihəsi ilə Daşkənddə çap olunacaq.
Qeyd edək ki, C.Kamal indiyədək Şərqin tanınmış mütəfəkkir və şairləri Ömər Xəyyam, İbn Sina, Cəlaləddin Rumi, Əbdürrəhman Cami, Azərbaycan ədəbiyyatından isə Şeyx Mahmud Şəbüstəri, Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə və Xəlil Rzanın əsərlərini özbək dilinə tərcümə edib.