Dekabrın 9-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Zöhrə Əsgərovanın “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabının təqdimatı keçirilib.
Ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir kitab haqqında məlumat verib. Bildirilib ki, kitabda dünyada ateizmin sosial hərəkat kimi formalaşmasının səbəb və nəticələri, cəmiyyətdə din və siyasətin bir-birinə qarşılıqlı təsiri haqqında söhbət açılır. Maraqlı tarixi hadisələr, görkəmli şəxsiyyətlərin siyasi, ədəbi fəaliyyəti müəllif tərəfindən təhlil edilib. Yazıçı, həmçinin əsrlər boyu Azərbaycan torpağına, onun mədəniyyətinə təcavüz edən siyasi qüvvələrin, bədnam qonşularımız ermənilərin işğalçı planlarını ardıcıl olaraq araşdırıb.
Kulturoloq Aydınxan Əbilov, şair Dayandur Sevgin və digər çıxış edənlər kitabda dərc edilən “Nalın tarixi möhürləri”, “Biz olduğumuz kimi yaşamadıq”, “Bəlkə mənə bir ismarıcın var, ana?” və digər esselərdə gənclərimizi düşündürən milli-mənəvi və ümumbəşəri dəyərlər haqqında suallara cavab tapacaqlarını söyləyiblər.
Sonda Zöhrə Əsgərova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.