Dekabrın 8-də Yazıçılar Birliyinin Natəvan klubunda digər bir təqdimat isə tanımış yazıçı-publisist Zemfira Məhərrəmlinin 60 illiyi münasibətilə işıq üzü görən “Söz adamı” kitabına həsr olunub.
Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi Rəşad Məcid kitabda yubilyarın yaradıcılığı, ictimai fəaliyyəti haqqında məqalələrin toplandığını bildirib. Kitabda AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, Ombudsman Elmira Süleymanovanın, Milli Məclisin deputatları - Əflatun Amaşov, Jalə Əliyeva, AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun və digər ziyalıların Zemfira Məhərrəmli haqqında ürək sözləri yer alıb.
Yubilyarın tələbə yoldaşı, şair Vaqif Bəhmənli onun BDU-nun jurnalistika fakültəsini qırmızı diplomla bitirdiyini, müəllim və tələbələrin sevimlisi olduğunu xatırladıb. Vurğulanıb ki, Zemfira Məhərrəmlinin “Qarabağda savaş var”, “Qırx qız dastanı”, “Ötür durna qatarı” və digər kitablarında bitib-tükənməyən Qarabağ dərdindən, dünyanın hər yerinə səpələnmiş soydaşlarımızla görüşlərdən, onların arzularından bəhs olunur.
Tanınmış jurnalist Məzahir Süleymanlı, yazıçı-publisist Elçin Hüseynbəyli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “Şəhid anaları” cəmiyyətinin sədri Rəfiqə Əsgərova və digər çıxış edənlər Z.Məhərrəmlinin yaradıcılığından, sözə həssas münasibətindən danışıblar.