Yanvarın 15-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Rumın poeziya günü” keçirildi.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, hər il yanvarın 15-i Rumıniya “Mədəniyyət günü” kimi qeyd olunur. Rumıniyanın müxtəlif ölkələrdəki səfirlikləri bu münasibətlə tədbirlər təşkil edirlər. Bugünkü tədbir də o silsilədəndir. Direktor Azərbaycan və rumın ədəbiyyat nümunələrinin qarşılıqlı tərcümə əlaqələrindən danışdı. İki ölkə xalqlarının bir-biri haqqında daha ətraflı məlumata sahib olması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini də qeyd etdi.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Aslan Cəfərov iki ölkə arasında əlaqələrin müstəqilliyimizin bərpasından sonra daha da inkişaf etdiyini söylədi. O, rumın xalqının qədim mədəniyyətin daşıyıcılarından biri olduğunu qeyd etdi. Vurğuladı ki, xalqların mədəni əməkdaşlığına, mədəni mübadiləyə yol açan belə tədbirlər nazirlik tərəfindən həmişə dəstəklənir.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu çıxış edərək bildirdi ki, ölkəsində ənənə halını alan “Mədəniyyət günü” rumın ədəbiyyatının ən görkəmli nümayəndəsi Mixay Emineskunun (1850-1889) adı ilə bağlıdır. O, az ömür sürüb. Ancaq rumın xalqına və eyni zamanda dünya ədəbiyyatına gözəl əsərlər bəxş edib: “Bu əlamətdar günün Bakıda qeyd edilməsindən qürur duyuruq. Tədbirin təşkilinə dəstək göstərənlərə minnətdarlıq edirik”.
Səfir Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu xatırlatdı, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən söz açdı.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Nüşabə Sadıxlı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova mədəniyyətin, ədəbiyyatın xalqları birləşdirmək istiqamətində rolundan bəhs etdilər.
Çıxışlarda Azərbaycan-Rumıniya ədəbi əlaqələrindən bəhs edildi, dilimizə tərcümə olunmuş rumın ədəbiyyatı nümunələri haqqında məlumat verildi. Bildirildi ki, sovet dövründə və müstəqillik illərində Azərbaycanın tanınmış şair və yazıçılarından Səməd Vurğun, Mirzə İbrahimov, Cəfər Cabbarlı və başqalarının əsərləri rumın dilinə çevrilərək nəşr olunub.
Sonra Milli Kitabxananın bölmə müdiri Fəridə Hacıyeva rumın şairi Mixay Emineskunun yaradıcılığından tərcümə etdiyi şeir nümunələrini oxudu.
Çıxışlardan sonra tədbir iştirakçıları Rumıniya mədəniyyəti, ədəbiyyatı və tarixindən bəhs edən kitab sərgisi ilə tanış oldular, rumın mətbəxi nümunələrinin dadına baxdılar.

Savalan Fərəcov