Üzeyir, Ceyhun və Niyazi kimi ustadların ustadı - Zülfüqar Hacıbəyli
   
   Üç böyük qardaşdan böyüyü idi Zülfüqar bəy. Sözün hər iki mənasında böyük Zülfüqar bəy!..
   
   Zülfüqar Hacıbəyli haqda fikirləşəndə, belə bir mətləb üstdə də köklənmək gərək: Görəsən, o olmasaydı, Üzeyir, Ceyhun, Niyazi (və başqaları) artıq bizə tanış zirvələrə çıxa biləcəkdilərmi? Axı bu dünyada məkansız-binasız bir ədəb-ərkan, əxlaq-irfan məktəbi də var ki, orada “nə - olar, nə - olmaz!” adlı bir fənn keçilir...
   Üzeyirlə Ceyhun Bakıya gəlib hər iki mənada böyüyənə qədər Şuşada ataları - zəhmətkeş “Əbdülhüseyn kişinin övladları” kimliyilə bərabər, özlərindən bir-iki bayram böyük “Zülfüqarın qardaşları” kimi də tanınır, ağırlanıb-uğurlanırmışlar. Sonralar dünyanın ən ünlü konsert-tamaşa salonlarında öz incə sənət çubuğu ilə mədəniyyət “hərbə-hədə”ləri edəsi, “imperator-maestro” olası Niyazi balası isə hələ genefondumuzun növbəti korifeylik iddialı hamiləliyində, yaradacağı “dahilər üçbucağı”nın “iki yazaq, bir yadda”sında idi...
   1884-cü il aprelin 17-də Şuşada - təbii konservatoriya-şəhərdə anadan olmuş Zülfüqarın Üzeyir və Ceyhunun sənət və şəxsiyyət görüşlərinin, milli-mənəvi baxışlarının formalaşmasında oynadığı «böyük qardaş» rolu haqda sənədlər, söhbətlər, xatiratlar çoxdur. Xüsusən də onun öz publisistik yazıları, xatirə-qeydləri bəhs edir bu barədə. O sənədlər, söhbətlər, elmi-populyar yazılar belə bir ümumi rəy də doğurur ki, Zülfüqar Hacıbəyli professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar və dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət nəhəngləri, milli mədəniyyət fədailəri sırasında məxsusi yer tutur.
   
   Hərfli, notlu kağızların “təqdimat”ı
   
   Ora təbiət və sənət, bura siyasət və rəyasət şəhəri. Yəni Şuşa və Bakı. Orada bir az uşaqanə, bir az gəncsayağı düşünüb-daşınıb suallaşdırdığı fikirləri burada cavablandırıb “xərc”ləməyin vaxtı çatmışdı.
   Hələ uşaqkən öz ailəsi və Şuşanın mədəni mühiti tərəfindən aşılanmış sənət duyğuları Zülfüqarda özünü musiqiyə həsr etmək istəyi yaratmışdı. Eşitdiyi el nəğmələri, xalq mahnıları onun özüylə bərabər böyüyür, sənət əsərlərinə çevrilmək məqamlarını, böyük teatr-səhnə məkanlarını gözləyirdi.
   Bəzən də not yaradıcılığına ara verib, düşüncələrini mətbu yazılarla bəyan edirdi. Məsələn, fərdi zövqlə ictimai-milli zövq arasındakı ziddiyyət Zülfüqar Hacıbəyli qələmində belə şərh olunurdu: «1908-ci ildən bəri - yəni «Leyli və Məcnun» adlı ilk Azərbaycan operasının meydana çıxmasından başlayaraq xalqımız ümumən Yaxın Şərq üçün yeni olan bu sənət «dilinə» də yiyələnir, tamaşalarda fəal iştirak edir. Əlbəttə, bu yeni zövqə qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı, inkişaflı gələcək vəd etmir. Bunları yazmağa məni vadar edən odur ki, ilk Azərbaycan operası səhnəyə qoyularkən Nikolay istibdadı dövründə bəslənmiş, böyümüş, tərbiyələnmiş, milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları bu cür yenilik başlanğıcına təhqiranə nəzər ilə baxmağa bünövrə qoydular...»
   Dərin milli düşüncə sahibi olan Zülfüqar Hacıbəyli həmin dırnaqarası ziyalıların nihilist fikirlərindən, Nuhdəbi münasibətlərindən çəkinməyərək, dövrün ictimai-mədəni səs-sədalarına operativ və kəskin reaksiyalar verir, bir-birinin ardınca maraqlı operettalar, opera, kompozisiya və digər janrlı əsərlər yaradır. Kiçik qardaşı Üzeyir bəyin «O olmasın, bu olsun», «Arşın mal alan» kimi dahiyanə operettaları ilə birgə Azərbaycan tamaşaçısı Zülfüqar bəyin «Məşədi Xudu», «Əlli yaşında cavan», «Evliykən subay», «On bir yaşlı arvad» və başqa operettalarını da çox maraqla qarşılayır, alqışlayırdı. «Kənd qızı», «Əsgər nəğməsi» və s. mahnıları dövrün dillər-dinləm əzbəri idi. Bu əsərlər də Azərbaycan professional bəstəkar yaradıcılığının “ilk nümunələr”i sırasında idi.
   Zülfüqar Hacıbəyli yaradıcılığının əhəmiyyəti həm də qədim Azərbaycan musiqi ənənələrinin yenilənmə, zənginləşmə və inkişafı prosesini sürətləndirməsində idi. Onun fortepiano ilə simfonik orkestr üçün yazdığı «Azərbaycan qadınının rəqsi», bəstəkar Zakir Bağırovla birgə işlədiyi «Kantata» uzun illər ictimai zövq meyarı kimi səsləndirilib.
   Zülfüqar Hacıbəylinin adı ilk Azərbaycan operasından 7 il sonra - 1915-ci ildə yazdığı «Aşıq Qərib»lə mədəniyyət tariximizə gözəl bir opera müəllifi kimi də düşür. Bütün bunlar - bu təvazökar, məhsuldar, vətənpərvər bəstəkarımızın mədəniyyət aləmindəki xidmətləri, gec və az da olsa, qiymətləndirilir; 1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri adı, 1946-cı ildə «Şərəf» nişanı ordeni ilə təltif edilir.
   Onun özü isə, xalqımızın sabahını göz önünə (və fikir altına) alaraq, o dövrkü “partiya və hökumətimiz”i daha böyük sənət hədiyyələri ilə təltif edib. O təltifatlar çoxdur, çoxusunu hamı bilir, biri isə maraqlı bir replikadır ki, bunu eşidən beş-üç bəndədən biri də bəndənizdir.
   
   “Bu dünyaya tezikmişdim, o dünyaya gecikdim...”
   
   Bəzən “mənbə”lər şifahi formatda da olur. Yəni, dırnaq işarəsi içərisində verdiyim yuxarıdakı “sitat”ı heç kəs heç bir mənbə-məxəzdə axtarmasın - tapılmayacaq. Sadəcə, Zülfüqar Hacıbəyli bu sözləri 1949-cu ildə xəstəxanada müalicə olunarkən, 19 yaşlı bir şəfqət bacısına deyib. Həmin şəfqət bacısı isə bunu (sonralar baş həkim işləyərkən) 1989-cu ildə telemüsahibəmiz zamanı mənə danışmışdı.
   Zülfüqar Hacıbəyli xəstəxanada olduğu günlərdə tez-tez ona baş çəkən (xidməti və hüsn-rəğbəti mənada) həmin şəfqət bacısı məşhur bəstəkarın maraqlı söhbətlərinə qulaq asar, əsərlərini, mahnılarını çox sevdiyini bildirər, hərdən də Üzeyir bəyin o vaxtlar dillər əzbəri, müharibədən çıxmış könüllərin həzin-hərarət məlhəmi olan “Şəfqət bacısı” mahnısını zümzümə edərmiş. Günlərin bir günü də o şəfqət bacısı Üzeyir bəyin daha məşhur, daha populyar olmasıyla ilgili, Zülfüqar bəyə belə bir sual verir: «Ay Zülfüqar əmi, rəhmətlik Üzeyir bəy Sizdən neçə yaş böyük idi ki?» Mətləbi anlayan Zülfüqar Hacıbəyli hələ ili çıxmamış, məzar torpağı bərkiməmiş qardaşının hüznünü yaşasa da, bu gənc qızın xatirinə “incik” bir rola da girib: “Üzeyirin nə həddi vardı, yaşca da məndən böyük olaydı? O məndən düz 17 ay uşaq idi... - Bunu deyib, kədərli bir görkəm alan bəstəkar əlavə edir: - Onunla müqayisədə mən bu dünyaya tezikmişdim, o dünyaya isə... gecikdim!”
   
   Dilçalma...
   
   Hə, çətin sözdür. Amma gümanımca, süftəsi çətin alınıb-anlaşılan çox belə sözlər olub. “Əlçalma” ifadəsi nədirsə, dilçalma da elə odur. Yəni tamaşaçı yalnız elə əlçalan missiyası daşıyan sənət tərəfdaşı deyil; o, hərdən dil də çalır. Özü də tək elə baxdığı tamaşanın məzmun-məziyyətilə bağlı yox. Yəni günlərin bir xoş saatında həmin o şəfqət bacısı Üzeyir bəyin kəşməkəşli tale yolu haqda atasının söylədiklərini Zülfüqar bəyə danışır. Özü də «zəmanə qulaqları» xofundan xısın-xısın danışır. Söyləyir ki: «Zülfüqar əmi, xəbəriniz varmı ki, bir neçə dəfə repressiya qurbanlığından qurtulan Üzeyir bəyi axırıncı dəfə də Məmməd Səid Ordubadi xilas edib?» Özünü heç nədən xəbərsiz kimi göstərən Zülfüqar bəy: «Necə xilas edib?!» - deyə soruşanda, şəfqət bacısı dahi həmvətənlisinə yönəlik hədsiz sevgisindən qəhərlənib, böyük vətəndaş fəxarətilə sözünə davam edir: «Heç nə, bizim Üzeyir bəyimizin böyüklüyünü gözü götürməyən ermənilər tez-tez Bağırov yoldaşın qulağını doldururmuşlar ki, bu “muzukant” qatı millətçidir, xalis cümhurçu olub, sovetləri görməyə gözü yoxdur, dostlarıyla da xəlvətə düşəndə Stalin yoldaşı “bığı bəy” adlandırır, day nə bilim, nələr! Yoldaş Bağırov da boğaza yığılır, aylarla götür-qoy edir, Stalin yoldaşın Moskvada Azərbaycan dekadası zamanı “Koroğlu” operasını necə yüksək qiymətləndirdiyini xatırlayıb, heç bir bəhanə tapılmamasından gərginliklər yaşayır. “Amma deyəsən bu “bığı bəy” pis danosa oxşamır, axı...” - deyə, günlərin birində qayıdır ki, yoldaş “Qılınc və qələm”, bəlkə elə onun “bığı bəy”inə bir də müraciət edək? Bir “dabro” alıb, bu ölkədə adı bizdən çox çəkilən bu “arşın-malçı”nı da aradan götürək?! Ordubadi yoldaş da Bağırova qayıdıb ki, Hacıbəyovu aradan götürsəniz, onda gərək bütün teatrların qapılarından qıfıl asaq. Axı, bütün teatrlarda Hacıbəyovların əsərləri oynanılır!..»
   Bu Hacıbəyovlardan biri də Zülfüqar bəy idi...
   ... O Hacıbəyovlardan ortancılı elə bir Günəş olub, elə bir işıqla parladı ki, Əbdülhüseyn kişinin gözünün “ilk ovu” ilə “sonbeşiyi” zamanın alatoran “boran”larına düşməli, hərdən parlayıb, hərdən “sönməli” oldular. Düzdür, sonralar doğulan maestro öz səs-sədası ilə “ilk ov”un şöhrət oxunu daş-qaşlarda bərq etdirdi. Ancaq “bığı bəy” proletarizmi “sonbeşik” bəyi qəriblikdə son mənzilə qərq etdi.
   Və arifi-ərənlər belə nəql edirdilər ki, belə-belə olaylar üç böyük qardaşdan böyüyünün - Zülfüqar Hacıbəylinin faydalı iş əmsalını yarıbayarı qəhr edib...
   
   Tahir Abbaslı