Sentyabrın 26-da Azərbaycan Milli Konservatoriyasının Respublika İncəsənət Gimnaziyasında “Milli nəfəs alətləri ifaçılığı üzrə müasir problemlər” mövzusunda dəyirmi masa keçirilib. Tanınmış musiqiçilərin, incəsənət xadimlərinin və ziyalıların iştirak etdikləri tədbirdə Azərbaycanın milli nəfəs alətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
   Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi bildirib ki, milli nəfəs alətlərinin geniş yayılması və məşhurlaşması üçün onların təbliğatı aparılmalıdır. Bu musiqi alətlərinin tədrisi, tədqiqi və təbliği ilə peşəkarlar məşğul olmalıdırlar.
   Professorlar Vaqif Əbdülqasımov, Yusif Axundzadə, Səadət Abdullayeva və digərləri çıxış edərək milli nəfəs alətlərində əsərlərin tam şəkildə səslənməsi üçün onların təkmilləşdirilməsinin zəruriliyini vurğulayıblar. Balaban, ney, tütək, zurna və s. milli nəfəs alətlərində ifa olunmaq üçün yeni əsərlərin yazılmasının vacibliyi də qeyd olunub.
   Gələcəkdə milli nəfəs alətləri məktəbinin yaradılması, bu sahədə konservatoriyada ayrıca kafedranın fəaliyyət göstərməsi və hərbi orkestrlərin tərkibinə milli nəfəs alətlərinin əlavə olunması təklifləri irəli sürülüb.