Mübariz şairin duyğular poeziyası

XIX əsr türk ədəbiyyatında tənzimat hərəkatının (Osmanlı tarixində 1839-cu ildə Sultan Əbdülməcidin taxta çıxması ilə başlanan islahatlar dövrü) görkəmli simalarından biri Əbdülhəmid Ziya paşa olub. Mütərəqqi Avropa dəyərlərinə rəğbət bəsləyən şair mübariz ideyalarına görə uzun illər mühacirətdə yaşayıb.

Əbdülhəmid Ziya Fəridəddin oğlu 1825-ci ildə İstanbulda dünyaya göz açıb. Dövrünün açıqfikirli şəxslərindən olan atası onun təhsili ilə ciddi maraqlanır. Əbdülhəmid əvvəlcə məhəllə məktəbində, sonra isə dövlət idarələrinə kadr hazırlayan “Məktəbi-ədəbiyyə”də təhsil alır. Şəhərdə yazıçı və şairlərin təmsil olunduğu cəmiyyətlə əlaqə yaradır. Xüsusilə, divan ədəbiyyatının tanınmış nümayəndələri ilə yaxınlıq edir, “Əncümanü-şüəra“ şeir məclisinin üzvü olur. Məclisdə dərin elmi çıxışları və aydın, səlis diksiyası ilə qələm əhlinin diqqətini cəlb edir. Onun istedadı Osmanlının xarici işlər naziri Mustafa Rəşid paşanın da nəzərindən yayınmır, saraya dəvət olunur və dövlət katibliyində işə başlayır.
Əbdülhəmid Ziya sarayda fransız dilini öyrənir. İşlərinin çox rəvan getdiyi bir vaxtda Rəşid paşa dünyasını dəyişir, sarayda onun işləri çətinləşir. Yaranan çəkişmələr üzündən saraydan uzaqlaşır. Ölkəni tərk edərək 1867-ci ildə Parisdə məskunlaşır. Sultan Əbdüləzizin Fransa səfəri onun Parisdən özünə qarşı sərt münasibəti görüb Londona köçür.
Londonda qəzetçiliklə məşğul olur, 1867-ci ildə “Müxbir”, 1868-ci ildə “Hürriyyət” qəzetlərini çap etdirir. Türkiyə siyasi rejimini tənqid edən şair hakimiyyətə nifrətini gizlətmir. Buna görə o, məhkəməyə verilir. Təqib və ittihamlardan yaxa qurtarmaq üçün yenidən Parisə qayıdır. Oradan da Cenevrəyə üz tutur. “Hürriyyət” qəzetini bu ölkədə çap etdirir. Qəzet 1871-ci ildə fəaliyyətini dayandırır.
Şair Sultan II Əbdülhəmidin hakimiyyəti dövründə, 1877-ci ildə Suriya valiliyində işə düzəlir. 1878-ci ildə isə Konyaya vali təyin olunur. 1880-ci ildə, 51 yaşında Konyada vəfat edir.
Ziya paşa tənzimat ədəbiyyatının əsas simalarından hesab olunur. Onun divan ədəbiyyatının inkişafında böyük xidmətləri olub. Şairin bir çox şeirləri dil-üslub baxımından xalq yaradıcılığı ilə səsləşir.

Neçün naləndəsən böylə,
Könül, dərdin nədir, söylə.
Səni mən istəməm öylə,
Könül, dərdin nədir, söylə.


Şairin ədəbi görüşlərində Avropa meylli fikirlər aşkar görsənir. O, Avropa dəyərlərinə hörmətlə yanaşıb, Qərb ədəbiyyatını təbliğ edib. Avropa dillərinin öyrənilməsinə zəruri ehtiyac olduğunu vurğulayıb. Qeyd edib ki, dünyada gedən işlərdən xəbərdar olmaq istəsən Avropa dillərini öyrənməlisən. Bu mədəniyyətdən faydalan, onun inkişaf yollarına diqqət yetir və dünyaya açıq gözlə bax:

İstər isən anlamaq cahanı,
Öyrənməli Avropa lisanı.
Bilmək gərək ordakı fünunu,
Tərk eylə təəssübü, cünunu.

O, maarifçi-demokratik kimi cəmiyyətdəki sosial ədalətsizliklə barışmayıb, haqqı tapdalananları müdafiə edib.
Bir çox əsərlərində ölkə daxilində gedən proseslərin müəyyən cəhətlərini əks etdirib. Bu baxımdan onun “Röya” əsəri maraq doğurur. Əsər xəyalət şəklində yazılıb. Əsərdə göstərilir ki, Londonda olan şair parkda gəzir və yorulduqdan sonra bir oturacaqda mürgüləyir. Yuxuda Vətəni görür. İşlədiyi sarayı gəzir, Sultan Əbdüləzizlə görüşür, Türkiyənin problemlərini açıqlayır. Ölkənin düşdüyü ağır vəziyyəti, səbəbkarların kimliyini sultana açıqlayır. Bu məsələdə Əli paşanın daha çox günahı olduğunu söyləyir. Çıxış yolunu onu sədrəzəm (Baş nazir) vəzifəsindən azad etməkdə görür. Sultan Əbdüləziz Əli paşanı tutduğu vəzifədən uzaqlaşdırır. Onun Kiprə vali təyin edilməsi barədə fərman verir. Ziya möhürü gətirir və sultana təhvil verərkən yuxudan ayılır...
Göründüyü kimi, əsərdəki əhvalat yuxu fonunda verilsə də, real düşüncələri əks etdirir. Əslində şair yuxu prosesindən bir vasitə kimi istifadə edərək Osmanlı dövlətinin sosial-siyasi mənzərəsini gözlər önünə sərib.
Ziya paşanın lirikasında həm də fəlsəfi dərinlik diqqəti çəkir. Şairin nəzərincə, insan heç vaxt vəzifəyə, sərvətə, gücə güvənməməlidir. Çünki onların hamısı ötəridir. İnsan ancaq öz xeyirxah əməlləri ilə tanınmalıdır. O, əsl insanlığın şərtini dünya malından əl çəkməkdə, sadə, təbii olmaqda və yalnız xeyirxahlıq göstərməkdə görüb.
Həyatını xalqının xoşbəxtliyinə həsr edən mübariz şair yaradıcılığını da bu istiqamətdə davam etdirib. Bu yolda böyük əziyyətlər çəkib və xalqa əks olan qüvvələrin təqiblərinə məruz qalıb. Lakin tutduğu yolun haqq olduğuna inanaraq mübarizəsindən geri çəkilməyib.

Savalan Fərəcov