Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Avropanın dünya şöhrətli kollektivlərindən biri olan Vyana Dövlət Kamera Orkestrinin konserti olub. “Toyota Bakı Mərkəzinin” dəstəyi ilə keçirilən bu səfər zamanı Əyyub Quliyev və Vyana Kamera Orkestri dünya klassik musiqisi ilə bərabər, Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletindən nümunələri ilk dəfə olaraq avstriyalı dinləyicilərə təqdim edib.
   Konsert “Beynəlxalq müsabiqələr qalibləri” silsiləsi çərçivəsində gerçəkləşib. Həmin layihədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən beynəlxalq müsabiqələr laureatları olan dirijorlar, müğənnilər və instrumental ifaçılar dəvət olunur.