Ağdamın Quzanlı qəsəbəsindəki mədəniyyət evində “Şur” ansamblının üzvləri ilə rayon ictimaiyyətinin görüşü keçirilib. Görüşdə bildirilib ki, 60 yaşı tamam olan “Şur” ansamblı nəinki Ağdam rayonunda və respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış edib, muğam, təsnif və xalq mahnılarımızın gözəl ifası ilə böyük rəğbət qazanıb. Muğam və xalq mahnılarımızın mahir ifaçıları Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Məmmədova, Aygün Bayramova, Cabir Abdullayev, Sabir Abdullayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Hafiz Sədirzadə, Sədi Məmmədov, Səxavət Məmmədov və digər xanəndələr böyük səhnəyə “Şur” ansamblından gəliblər.
   Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra 20 ilə yaxın bir müddətdə fəaliyyətsiz qalan “Şur” ansamblı son iki ildə öz fəaliyyətini yenidən bərpa edib. Tədbirdə kollektivin üzvlərinə rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələr təqdim olunub. Görüş “Şur” ansamblının ifasında “Qarabağ şikəstəsi” ilə başa çatıb.