Estrada mahnı festivalının qalibləri məlumdur
   
   Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən “Bakı gecələri - 2012” estrada mahnı festivalının qaliblərinin adları səsvermələr nəticəsində məlum olub. İdarədən verilən məlumata görə, Təşkilat Komitəsi tərəfindən festivalda ümumilikdə 110 mahnı tamaşaçılar tərəfindən seçilmək üçün səsverməyə çıxarılıb.
   Mahnılar sentyabrın 20-dən etibarən “Araz FM - 103.3” radiosunun efirində həftə içi hər gün saat 16:00 - 17:00 arası “Bakı gecələri saatı” non-stop musiqi saatında səsləndirilib və SMS vasitəsilə, www.baku-art.az saytında keçirilən onlayn səsvermə ilə qiymətləndirilib. Səsvermə noyabrın 20-dək davam edib və hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı festivalın qalibi elan edilib.
   Qalib mahnılar dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertdə tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, sözügedən musiqi nömrələri noyabrın 25-dən dekabrın 15-dək “Araz FM - 103.3” radiosunun efirində səsləndiriləcək, həmçinin SMS və www.baku-art.az saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplamış 3 mahnı ifaçısı diplom və pul mükafatlarına layiq görüləcək.
   
   Ceyhun