Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc vokalçı Eldar Tahirov 13-20 dekabr tarixində Fransanın Bordo və Jonzak şəhərlərində keçiriləcək müsabiqədə iştirak edəcək. Bakı şəhər F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin vokal ixtisası üzrə IX sinif şagirdi olan istedadlı gənc müxtəlif müsabiqə və festivallarda uğurla iştirak edib. "Avaza-Dostluq Məkanı" adlı III beynəlxalq festivalın diplomuna (Türkmənistan, 2010), "İncəsənət vadisi" XI beynəlxalq müsabiqə-festivalda Qran-pri mükafatına (Macarıstan, 2011), vokalçıların VII beynəlxalq müsabiqəsində I mükafata (Estoniya, 2012), "Açıq Avropa - Açıq Planet" adlı IX beynəlxalq müsabiqədə I mükafata (Moskva, 2012) layiq görülüb.