Dekabrın 24-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən “Bakı gecələri-2012” estrada mahnı festivalı qaliblərinin qala-konserti olub.
   Festival çərçivəsində ümumilikdə 110 mahnı “Araz FM-103.3” radiosunun efirində səsləndirilib, tamaşaçılar tərəfindən seçilmək üçün SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb. Noyabrın 20-dək davam edən səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı festivalın qalibləri elan edilib. Qalib mahnılar qala-konsertdə tamaşaçılara təqdim olunub. İfaçılara diplomlar verilib. Estrada mahnı festivalı 2008-ci ildən keçirilir.