Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş təqvim nəşr olunub
   
   Zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin əziz xatirəsinə həsr edilmiş 2013-cü il üçün stolüstü təqvim çapdan çıxıb. Rus dilində nəşr olunan təqvim nəfis tərtibatı və orijinal dizaynı ilə diqqəti cəlb edir.
   Təqvimin üz qabığında ilk televiziyanın fotosu əks olunub və simvolik olaraq verilişlər proqramı tərtib edilib. Burada ölməz sənətkarın oxuduğu ən məşhur mahnılar - “Azərbaycan”, “Qar üzərində ürək”, “Mənim Bakı şəhərim”, “Əlvida Bakı”, “Odlar Yurdu” və başqaları aylar üzrə bölünüb. Hər səhifədə mahnıların mətni verilib. Müslüm Maqomayevin pərəstişkarları tərəfindən hazırlanmış təqvimdə ölməz sənətkarın fotoşəkillərindən də istifadə olunub.
   Ötən il avqustun 17-də dünya şöhrətli musiqiçinin 70 illik yubileyi geniş şəkildə qeyd edildi. Hər kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb, sənəti və xatirəsi bu gün olduğu kimi, sabah da yaşayacaq.