Beynəlxalq Muğam Mərkəzində gənc azərbaycanlı və italyan bəstəkarlar Günay Mirzəyeva və Françesko Maconun “Il Fiore del Fuoco» (Azerbaijan Visual Concert)” adlı musiqi layihəsinin premyerası olub. Konsertdə İtaliyanın Florensiya şəhərinin “Contempoarte” ansamblı və muğam üçlüyünün ifasında müəlliflərin iki yeni əsəri - Françesko Maconun “Çahargah” muğamı əsasında yazdığı “Atəşgah” və Günay Mirzəyevanın “Şur” muğamı əsasında bəstələdiyi “Alovun səsi” kompozisiyaları səslənib.
   Günay Mirzəyeva “Azerbaijan Visual Concert” layihəsinin əsas sponsorları olan Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin qrantını qazanıb. İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi və İtaliyanın “Contempoarte” ansamblı tərəfindən həyata keçirilən layihənin rejissoru AzTV-nin bədii rəhbəri Etibar Babayevdir.
   İtaliyanın Azərbaycandakı səfiri Mario Corco Stefano Baldi iki ölkənin musiqilərinin sintezini təqdim edən layihənin iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
   Fevralın 4-də eyni konsert Florensiyada, “Palazzo Medici Riccardi”də təşkil ediləcək.