Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Sənəddə müvafiq dövlət qurumlarına festival çərçivəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda beynəlxalq elmi simpoziumun, muğamın solo və instrumental ifaları üzrə respublika və beynəlxalq müsabiqələrin təşkili və keçirilməsi ilə bağlı məsələləri həll etmək barədə müvafiq tapşırıq verilib.
   Festival tədbirlərində elmi və mədəni ictimaiyyət nümayəndələrinin iştirakının təmin olunması, festivalın keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi və tərtibatı, rəsmi açılış və bağlanış mərasimlərinin təşkili, festivalla əlaqədar çap və reklam materiallarının hazırlanması da tədbirlər planına daxil edilib. “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” mövzusunda beynəlxalq elmi simpoziumun təşkili üçün aidiyyəti qurumlar müəyyənləşib.
   Festivalın yerli və xarici kütləvi informasiya vasitələrində işıqlandırılması, nəqliyyat, regionlarda konsertlərin təşkili məsələlərini həll etmək müvafiq qurumlara tapşırılıb.