Fevralın 23-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist, Əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimovun 75 illik yubileyinə həsr edilmiş toplantı keçirilib. Tədbirdə yubilyar qələm sahibinin “Sarı gəlin” romanının təqdimatı olub.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Yusif Kərimovun yazıçı, jurnalist və publisist kimi keçdiyi ömür yolundan danışıb, onun yaradıcılığını səciyyələndirən cəhətlərə diqqət çəkib. Bildirib ki, qocaman jurnalist hazırda bədii yaradıcılığını davam etdirməklə yanaşı, jurnalistika ilə bağlı ictimai fəaliyyətə də geniş yer verir. O, yubilyara Şuranın diplomunu təqdim edib.
Veteran jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə təqdimatı keçirilən “Sarı gəlin” romanını Y.Kərimov yaradıcılığının zirvəsi kimi dəyərləndirib. Romanın məzmunundan və məziyyətlərindən bəhs edərkən bildirib ki, əsər iki gəncin nakam məhəbbəti fonunda Azərbaycan xalqını 1990-cı ilin 20 Yanvar faciəsinə, Qarabağ münaqişəsinə məruz qoyan mürəkkəb ictimai-siyasi olaylardan bəhs edir.
Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov, əməkdar jurnalistlər Tahir Aydınoğlu, Fazil Güney, Adil Cəmil, tanınmış jurnalist-publisist Zemfira Məhərrəmli, yazıçı-dramaturq Firuz Mustafa, poliqrafçı alim Şəddat Cəfərov və başqaları Y.Kərimovu istedadlı jurnalist, səmimi və qayğıkeş dost, bacarıqlı rəhbər kimi səciyyələndiriblər. Onlar yubilyarın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı silsilə əsərlər müəllifi olmasını xüsusi vurğulayıb, həmkarlarına yeni yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edilib ki, Y.Kərimov çoxillik jurnalistika fəaliyyəti ərzində “Xalq qəzeti”, “Yüksəliş”, “Bakı-Baku” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. O, uzun illər dövrün nüfuzlu nəşrlərindən olan “Azərbaycan gəncləri” qəzetinə rəhbərlik edib. Yubilyar jurnalist, həmçinin dəyərli bədii nümunələri ilə də oxucuların rəğbətini qazanıb.
Təqdimatı keçirilən “Sarı gəlin” romanı müəllifin “Çardaq” və “Səni mənə verməzlər” əsərlərindən qaynaqlanır. Romanda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyən qüvvələrin niyyətləri bədii çalarlarla təsvir olunub, ötən əsrin 90-cı illərinin hadisələrinin təhlili aparılıb, bu müstəvidə iki gəncin nakam məhəbbəti əksini tapıb.
Sonda çıxış edən Y.Kərimov səmimi fikirlərinə və xoş arzularına görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.