III Beynəlxalq Muğam Festivalı çərçivəsində paytaxtımızda “Muğam aləmi” beynəlxalq elmi simpoziumu davam edir. Martın 13-də Bəstəkarlar İttifaqında baş tutan “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” bölməsinin iclasına almaniyalı professor Yurgen Elsner və professor Sürəyya Ağayeva sədrlik edirdi. 
   
   İclasda professor Səadət Abdullayeva “Azərbaycan instrumental muğam ifaçılığı - ənənələrin varisliyi kontekstində”, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Seyran Qafarov “Azərbaycan nəfəsli musiqi aləti ney: tarixi retrospektivi və xüsusiyyətləri”, sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadə “Muğam ifaçılığında nəfəs çalğı alətlərinin müxtəlifliyi” mövzularında məruzələri təqdim olundu. Kanada, Fransa, Türkiyə və digər ölkələrdən alimlərin məruzələri də maraqla dinlənildi.
   Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan muğam dəsgahlarının müqayisəli təhlili” bölməsinin iclaslarına AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərova sədrlik edirdi. Bu bölmədə professor Məhərrəm Qasımlı “Aşıq sənətində muğam ifaçılığı təcrübələri”, musiqişünas Kamil Allahyarov “Xaqani Şirvani “Divan”ında musiqi və musiqi alətləri, professor Abbas Seyidovun “Arxeoloji abidələrdə Azərbaycan xalq çalğı alətləri və musiqi motivləri” adlı məruzələrlə çıxış etdilər.
   Martın 14-də Bəstəkarlar İttifaqında simpoziumun üçüncü günü də maraqlı məruzələrlə yadda qaldı. “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” bölməsinin iclasına günün birinci yarısında professor Mahmud Gettat (Tunis) və türkiyəli professor İlhami Gokçen sədrlik edirdi. İclasda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramovanın “Milli musiqi alətləri: mətn və ikonoqrafiyanın düzgün oxunuşu haqqında”, Türkmənistandan professor Şaxım Quliyevin “Türkmən muqamlarının tədqiqi məsələləri haqqında”, musiqişünas Lalə Hüseynovanın Xalq artisti Ramiz Quliyevin iştirakı ilə “Azərbaycanda virtuoz tar ifaçılığının inkişafına dair”, iraqlı alim Şeherazade Q.Hassanın “İraq maqamlarının müşayiətində musiqi alətlərinin rolu” mövzusunda məruzələri dinlənildi.
   Fasilədən sonra simpozium öz işini Jan Dürinq və İradə Köçərlinin sədrliyi ilə davam etdirdi. İranlı musiqişünas Sayid Kordmafi “İranda ənənəvi santur alətində çalğı zamanı modulyasiyalar: imkanlar və məhdudiyyətlər”, Türkiyə alimi Ruhi Ayangilin “Makam musiqi ənənəsində yeni kompozisiya və ifaçılıq yanaşması: “Bataq” texnikası və Taqsim kompozisiyası”, professor Sürəyya Ağayevanın Munis Şərifovla birlikdə “Çəğanə və kamança. Tarix və müasir dövrdə” məruzələri dinlənildi, mövzular ətrafında diskussiyalar aparıldı.
   Simpozium martın 15-də işini davam etdirəcək.

   Lalə Azəri