XX əsr Azərbaycan ədəbiyyatından seçmələr

Ölkəmizdə ənənəvi olaraq “Muğam aləmi” beynəlxalq festivalı, eləcə də beynəlxalq miqyaslı müxtəlif musiqi festivalları keçirilir. Bu mədəniyyət siyasətinin davamı olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Sarı gəlin. XX əsr Azərbaycan ədəbiyyatından seçmələr. Musiqili hekayətlər” antologiyası nəşr olunub.
Azərbaycan və ingilis dillərində çap olunan kitabın tərtibçi redaktoru və ideya müəllifi Səlim Babullaoğlu, musiqi alətləri haqqında məqalələrin müəllifi Ziyadxan Əliyevdir. Tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində hazırlanıb.
Nəşr Azərbaycanın milli musiqi mədəniyyətinə, klassik və çağdaş Azərbaycan ədəbiyyatına hörmətin bir əlaməti kimi ərsəyə gəlib. “Musiqili hekayətlər” kitabının konsepsiyasında Azərbaycanın XX əsr klassiklərinin və müasirlərinin əsərləri ilə yanaşı, ölkəmizin qədim köklərə malik olan musiqi alətləri - tar, kamança, saz, balaban, ud və tütək haqqında məqalələr daxil edilib. Kitabda insan həyatının musiqidə necə əks olunduğu göstərilib.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapdan çıxan kitab nazirliyin tabeliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.