Böyük türk şairi Nazim Hikmət Bakıda anıldı

Martın 4-də Beynəlxalq Muğam Mərkəzində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə “Türk ədəbiyyatı günləri” çərçivəsində “Nazim Hikməti anma gecəsi” keçirilib.

Tədbiri Türkiyənin ölkəmizdəki səfirliyinin müşaviri, xanım Meral Barlas açaraq şairin həyat və yaradıcılığı haqqında danışdı. Bildirdi ki, Nazim Hikmət (1902-1963) şairliklə yanaşı, yazıçı, rəssam, ssenarist və dramaturq kimi də şöhrət tapıb. O, yaradıcılığa ilk olaraq heca vəznində yazdığı şeirlərlə başlayıb, sonra isə sərbəst vəzndə yazmağa davam edib.
Onun Sovet İttifaqına ilk gəlişi 1921-ci ildə olub, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Türkiyədə təqib olunduğuna görə 1927-ci ildə yenidən SSRİ-yə gəlib, bir il sonra Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı çapdan çıxıb. N.Hikmət ürəkdən sevdiyi Azərbaycanda dəfələrlə qonaq olub, buradakı yaradıcı adamlarla görüşüb, onlarla dostluq edib. Ədəbiyyatşünas Əli Sultanlı onu “Türk şeirinin Prometeyi” adlandırıb.
Türkiyədə məhkum olunan şair 1951-ci ildə həmişəlik SSRİ-yə mühacirət edib. Türkiyə vətəndaşlığından məhrum edilib və ömrünün axırınadək SSRİ-də yaşayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin bütün həyatını insanların azadlığı uğrunda mübarizəyə həsr etdiyini vurğuladı: “Nazimin faciəsi ondaydı ki, inanaraq sığındığı ölkə onun idealında arzuladığı ölkə deyildi. Ona görə sonradan onda xəyal qırıqlığı yaranmışdı”.
Tələbə olarkən şairlə görüşdüyünü deyən Anar “SSRİ-də Nazim qədər türkçülüyü yayan kimsə olmayıb” söylədi.
Moskvadakı “Ocaq” Cəmiyyətinin sədri, professor Tofiq Məlikli indiki BDU-nun şərqşünaslıq fakültəsində oxuyarkən N.Hikmətin “Yaşamaq gözəldir, qardaşım” romanı haqqına diplom işi yazdığını və şairi bu yolla tanıdığını bildirdi. N.Hikməti ədəbi inqilabçı adlandıran T.Məlikli qeyd etdi ki, şair ilk dəfə türk ədəbiyyatına sərbəst şeir üslubunu gətirib.
N.Hikmət irsinin araşdırıcısı, professor Aqşin Babayev şairlə görüşlərindən, xatirələrindən söz açdı, şairin həyatından maraqlı məqamları dilə gətirdi.
AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan ədəbiyyatının ruhunda N.Hikmətə olan ehtiramdan bəhs etdi.
Xalq artisti, bəstəkar Arif Məlikov N.Hikmətlə bağlı gənclik xatirələrini danışdı: “Nazim Hikmət Bakıya gəlmişdi. Onunla görüşmək üçün qaldığı “İnturist” hotelinə getdim və “Məhəbbət əfsanəsi” əsəri əsasında balet yazmaq istədiyimi bildirdim, buna çox sevindi. Əsər çox yerdə tamaşaya qoyuldu, ancaq N.Hikmət istəyirdi ki, “Məhəbbət əfsanəsi” Türkiyədə göstərilsin. O, bunu görmədi”. Bəstəkar şairin şeirlərinə romanslar yazdığını da dedi.
Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun əməkdaşı Ali İhsan Çevik şairin şeirlərini səsləndirdi.
Gənc müğənni Çingiz Mustafayev şairin şeirinə bəstələnmiş “Hoşça kalın, dostlarım” mahnısını ifa etdi.
Sonda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım anma gecəsinə gələnlərə təşəkkürünü bildirdi.

S.Soltanlı