Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə qurumun sədri, Xalq yazıçısı Anarın “Dantenin yubileyi” povesti “Böyük qurultay” adı ilə Tehranın “Noxbeqan” nəşriyyatında işıq üzü görüb. Kitabı çapa Solmaz Təbrizli və Səid Muğanlı hazırlayıb.
AYB-nin Güney Azərbaycan şöbəsi və “Yaşmaq” ədəbiyyat dərgisinin birgə fəaliyyəti nəticəsində son iki ildə İranda bir çox ədiblərin - Anarın “Nəsrin fəzası”, Kamal Abdullanın “Sehrbazlar dərəsi”, Vaqif Səmədoğlunun “Bu yolların yuxusunu kim görüb”, İsa Muğannanın “Doğma və yad adamlar”, Afaq Məsudun “Suiti”, Şahmar Əkbərzadənin “Utanım yerinə, ay utanmayan!”, Mirəli Seyidovun “Bayram və bayramlıq”, İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın”, Əlisəmit Kürün “Sonuncu dua” kitabları işıq üzü görüb. Hazırda Fikrət Qocanın “Dayanacaqda görüş” kitabı çapa hazırlanır.