Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoy Bakıda anıldı

Martın 11-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Türkiyə Cümhuriyyətinin dövlət himninin - “İstiqlal marşı”nın qəbul olunmasının 95 illiyinə və onun müəllifi, böyük şair Mehmet Akif Ərsoya (1873-1936) həsr edilmiş gecə keçirildi.

Tədbiri Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyi və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi təşkil etmişdi.
Türkiyə səfirliyinin elçi-müşaviri Meral Barlas tədbiri açaraq M.A.Ərsoyun həyat və yaradıcılığı haqqında geniş bilgi verdi. Bildirdi ki, şair Qurtuluş savaşının ən parlaq simalarından biridir. O illərdə şeirlərilə döyüşən orduya, xalqa ruh vermiş, yağıyla mənəvi savaşın ön cəbhəsində olmuşdu.
Vurğulandı ki, şair başlıca olaraq əruz vəznində yazıb-yaradıb. Xalqın sosial durumu, gələcəyi onun şeirlərinin aparıcı mövzusu olub. M.A.Ərsoy dərin inanclı müsəlman olsa da, Qərb təhsilinə, texniki inkişafına rəğbət bəsləyib. Onun nəzərindəki gənclik milli ruhdan ayrılmadan Avropa dəyərlərinə yiyələnməli idi. Şair özü məşhur fransız yazıçısı Emil Zolyanın pərəstişkarı olub, onun təsiri ilə naturalizmə meyllənib.
Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil işləri üzrə müşaviri Abdulqadir Fırat böyük istiqlal şairini dərindən anlamağın gərəkliyini bildirdi. Söylədi ki, şair İstiqlal savaşının mənəvi sütunlarından biridir və bütün şeirlərini ürəyinin hökmü ilə yazıb. “İstiqlal marşı”nı yazmaq üçün elan olunan müsabiqəyə 700-dən çox şair qatılıb. M.A.Ərsoy ən sonda “İstiqlal marşı”nı yazıb və ona çatacaq böyük məbləğli qonorarı götürməyib.
12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən “İstiqlal marşı”na əvvəlcə Osman Zeki Üngör (1924), sonra isə Əli Rıfat Çağatay (1930) musiqi bəstələyib.

Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq,
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq,
O mənimdir, o mənim millətimindir ancaq.


Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Kamil Güneş çıxışını şairin “Asim” şeirinin təhlili üzərində qurdu. Qeyd etdi ki, M.A.Ərsoy şeirlərini Çanaqqala savaşını qazanan döyüşkən türk gəncliyinə həsr edib. Bu baxımdan onun lirik qəhrəmanı Asim də həmin savaşı qazanan gəncliyin simvoludur.
Tədbirdə Bakı Anadolu Türk Liseyinin şagirdlərinin ifasında “Asim nəsli Akifi anır” adlı interaktiv tamaşa göstərildi.
Bədii qiraətçilər şairin “Zülmü alqışlayamam”, “Bülbül” şeirlərini səsləndirdilər.
Sonda Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri İbrahim Yıldırım çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.

Soltan