Tanınmış yazıçı və dramaturq Elçin Hüseynbəylinin Qarabağ müharibəsi mövzusunda qələmə aldığı əsərlərdən biri - “Boz eşşəyin məktubları” hekayəsi Litvada çap olunub. “Literatura ir Menas” (“Ədəbiyyat və incəsənət”) həftəliyinin 8 aprel 2016-cı il tarixli sayında işıq üzü görən hekayəni Litva dilinə tanınmış türkoloq və tərcüməçi, Litvanın Azərbaycan və Türkiyədəki sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas və tərcüməçi Mahir Həmzəyev çeviriblər.
Hekayə tanınmış rəssam və qrafika əsərləri ustası Lasma Puyatenin linoqravür texnikası üsulu ilə yaratdığı “Düyün“ əsəri ilə illüstrasiya olunub.
Bu tərcümə Litva oxucularının E.Hüseynbəyli yaradıcılığı ilə ilk tanışlığı deyil.
Litvanın ədəbi-bədii jurnallarında yazıçının yeddi hekayəsi (“Nənəm, babam və kommunizm”, “Sular günəşə nəğmə oxuyanda”, “Məzar gəlini”, “Gözünə gün düşür”, “İlk öpüş”, “Oyun“, “Qumru quşu”) oxuculara təqdim olunub.