Ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda milli azadlıq hərəkatının rəhbəri olmuş Seyid Cəfər Pişəvərinin (1892-1947) "Nadirə" romanı Azərbaycan dilinə tərcümə olunub.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən bildirilib ki, mayın 16-da "Natəvan" klubunda əsərin təqdimat mərasimi keçiriləcək. Romanı fars dilindən Yədulla Kənani tərcümə edib.
Görkəmli ictimai-siyasi xadim, eyni zamanda yazıçı-publisist olan S.C.Pişəvərinin fars dilində yazdığı iki böyük həcmli ədəbi əsərindən biri olan “Nadirə” romanı XX əsrin birinci onilliyində ölkənin fəlakətli vəziyyətinin Nadirə adlı bir qadının dili ilə nəql edilməsi üzərində qurulub.
Nadirə obrazı o dövrdə ziyalı qadınların birinin simasını canlandırır. Əsər həm Şərq, həm də Avropa romanları üslubunda yazılıb. Romanda XX əsrin əvvəllərində İranın sosial-siyasi mühitində baş verən hadisələr, xüsusilə I Dünya müharibəsinin törətdiyi faciələrin bir qismi bədii lövhələrlə oxucuya təqdim edilir.