Yanvarın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti təşkil olunacaq.
Konsertdə bəstəkarın həyat və yaradıcılığından söz açılacaq, əsərlərindən nümunələr səslənəcək.
Mobil Babayev 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. O, Bülbül adına orta ixtisas musiqi məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib.
Bəstəkar simfonik orkestr üçün yazılmış əsərlərin, lirik mahnıların müəllifidir. Zeynal Vəfanın sözlərinə yazdığı "Vəfalı dost" mahnısı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb. Mobil Babayev həmçinin onlarla bədii, sənədli və animasiya filmi üçün musiqilər yazıb.