Oktyabrın 14-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan «Söz» layihəsinin növbəti tədbiri keçirildi. «İspan musiqisi və poeziyası axşamı»nın ərsəyə gəlməsində İspaniyanın ölkəmizdəki səfirliyi, Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri, Bakı Musiqi Akademiyasının tələbələrinin də zəhməti olmuşdu.

Giriş sözü söyləyən layihənin rəhbəri Nigar Həsənzadə artıq bu cür tədbirlərin ənənəyə çevrildiyini qeyd edərək qədim tarixə malik ispan ədəbiyyatı barədə qısa məlumat verdi.
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez isə ölkəmizdə ispan ədəbiyyatı, musiqisi və incəsənətinə marağın böyük olduğunu, belə görüşlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət etdiyini söylədi.
Azərbaycan Dillər Universitetində ispan ədəbiyyatını tədris edən Fransisko Kapilya isə layihənin əhəmiyyətindən bəhs edərək, ispan dilini öyrənən tələbələrin bu işə həvəslə yanaşdığını vurğuladı.
Tədbir gedişində F.Kapilya əsərləri proqrama daxil edilmiş müəlliflər - Migel de Servantes, Xorxe Manrike, Qustavo Adolfo Beker, Migel Erdandez, Antonio Maçado, Federiko Qarsiya Lorka və Rafael Albertinin yaradıcılığı barədə qısa və dolğun məlumat verirdi. İspan dilində bütün çıxış və səsləndirilən şeirlərin tərcüməsi ya Azərbaycan, ya da rus dilində tədbir iştirakçılarına çatdırılırdı.
Budəfəki tədbir həm də diplomatın özünü bədii qiraət ustası kimi sınaması ilə yadda qaldı. Belə ki, Xose Luis Dies Migel de Servantesin bu il 400 yaşı tamam olan «Don Kixot» romanından baş qəhrəmanın nökəri Sanço Pansoya mərifət və nəzakət qaydalarını öyrətdiyi hissəni oxudu. Hər kəsə çox tanış olan bu əsərin bir neçə dəqiqəlik qiraəti bəs edirdi ki, niyə «Don Kixot»un dünya şöhrətinin azalmadığını anlayasan. Cəngavərin dilindən romanda yer alan nəsihətlər bu gün də aktuallığını itirməyib.
Sonra Dillər Universitetinin tələbələri Jalə Əzimova, Viktoriya Anisimova, Səbinə Hüseynova, Azad Xanəlizadə, Nigar Məmmədova ispan şairlərinin şeirlərini həm orijinalda, həm də tərcümədə söylədilər.
Bakı Musiqi Akademiyasının tələbələri Fidan Fərmanova, Cəmilə Əsgərova, Atabala Manafzadə və Süleyman Eyyubov isə ispan bəstəkarlarının fortepiano və skripka üçün əsərlərini ifa etdilər.

G.Mirməmməd