Martın 9-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Bayram təbrikləri” adlı konsert keçirildi. Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə təşkil edilən tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq iştirakçıları qarşıdan gələn Bahar bayramı münasibətilə təbrik etdi.
Bülbül adına orta ixtisas musiqi məktəbinin konsertmeyster ustalığı sinfinin müəllimi Ülviyyə Manafova da öz növbəsində muzeyin əməkdaşlarına və tədbir iştirakçılarına səmimi arzularını, Novruz bayramı münasibətilə xoş diləklərini ifadə etdi. Bildirdi ki, tədris ocağının müəllim və şagirdləri bayram təbriklərini və ürək sözlərini sizlərə Bahar ovqatlı musiqi dili ilə çatdıracaq.
Sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə əməkdar artistlər Nərgiz Kərimova, Gülnaz İsmayılova və başqalarının ifasında konsert proqramı təqdim olundu.
Proqramda Q.Qarayevin “Yeddi gözəl” baletindən vals, R.Ştoltsun “Mavi vals”, S.Lekokun “Qavot”, L.Delipin “Kapeliya” baletindən vals, İ.Frolovun “Vals-ekspromt”, R.Leonkovallonun “Sübh çağı”, C.Puççininin “Bohema” operasından Müzettanın ariyası və digər tanınmış bəstəkarların əsərləri səsləndirildi.
Çıxışlar alqışlarla qarşılandı.

S.Fərəcov