Aprelin 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Klassik Musiqi Həvəskarları Klubu”nun təşəbbüsü ilə görkəmli musiqişünas alim, pedaqoq, Əməkdar incəsənət xadimi, indiki Bakı Musiqi Akademiyasının ilk qadın rektoru, professor Elmira Abasovanın xatirəsinə həsr edilən tədbir keçirildi.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq alimin maraqlı həyat və zəngin yaradıcılığından söz açdı. Bildirdi ki, Elmira Abasova 1932-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan musiqişünaslığının tanınmış korifeyi kimi öz yaradıcı elmi fəaliyyətində musiqi tariximizin inkişafı ilə yanaşı, XX əsr milli bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığının dərindən öyrənilməsində böyük xidmətlər göstərib.
AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova qeyd etdi ki, Elmira Abbasova uzun illər pedaqoji fəaliyyət göstərib, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edib. Onun elmi tədqiqatçı kimi fəaliyyətinin mərkəzində həmişə də dahi Üzeyir Hacıbəylinin irsi dayanıb.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək bildirdi ki, Elmira Abasova elmi araşdırmalarının mühüm bir tərəfi Azərbaycan müasir musiqi incəsənətinin inkişaf yolları ilə əlaqədardır. Alimin Soltan Hacıbəyov, Niyazi, Bülbül, Səid Rüstəmov, Fikrət Əmirov, Bəhram Mansurov, Arif Məlikov və başqalarının yaradıcılığı ilə bağlı tədqiqatları sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib. Təhlilə çəkdiyi hər bir nümunəyə elmi dəlillərlə yanaşan, onu dürüst və klassik şəkildə ifadə etməyi bacaran müəllif son dərəcə məzmunlu, yığcam şərhi ilə seçilirdi.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva qeyd etdi ki, Elmira xanım yorulmaz tədqiqatçı, sevilən pedaqoq olmaqla bərabər, həm də gözəl natiq idi. İstər mühazirələrində, istər məruzələrində öz fikirlərini çox yığcam və təsirli şəkildə ifadə edərdi. Bəlkə də elə bu xüsusiyyətinə görədir ki, onu beynəlxalq forumlara, simpoziumlara, konfranslara və müxtəlif tədbirlərə məmnuniyyətlə dəvət ediblər. Dünyanın ən məşhur musiqişünaslarının iştirakı ilə keçirilən belə məclislərdə azərbaycanlı alimin məntiqli və parlaq çıxışları həmişə maraqla qarşılanıb. Elmira Abasova uzun müddət Azərbaycan musiqişünaslığını beynəlxalq miqyasda layiqincə təmsil edən alimlərimizdən biri idi.
Çıxışlardan sonra Elmira Abasovanın qızı Kamina Məmmədova görkəmli alimin arxivindən bəzi materialları muzeyə hədiyyə etdi.
Sonra musiqi proqramı təqdim edildi. Nazim Əlverdiyevin “Xatirə”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, Niyazinin “Arzu”, “Vals”, Fikrət Əmirovun “Laçın” mahnısı, Emil Əfrasiyabın “Valideynlərimə ithaf” əsərləri səsləndirildi.

Savalan Fərəcov