Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, professor Tərlan Seyidovun tələbələrindən ibarət fortepiano sinfinin konserti keçirilib. Tələbələr görkəmli bəstəkarlar L.Bethoven, İ.Brams, İ.Moşeles, F.List, F.Şopen, S.Prokofyev və Q.Qarayevin əsərlərini yüksək ustalıqla ifa ediblər.
Məktəb-studiyanın 7-ci sinif şagirdi Rəbiyyə Gözəlovanın ifasında Qara Qarayevin sonatinasının 1-ci və 2-ci hissələri və İ.Moşelesin etüdü səslənib. BMA-nın 2-ci kurs tələbəsi Tutu Məmmədli L.Bethovenin №8 “Patetik” sonatasının 1-ci hissəsini, İ.Bramsın rapsodiyasını və F.Listin etüdünü ifa edib. Beynəlxalq müsabiqələr laureat, BMA-nın 4-cü kurs tələbəsi Nigar Hüseynzadə L.Bethovenin № 21 “Avrora” sonatasını, BMA-nın magistratura pilləsinin 2-ci kurs tələbəsi Tamara Xəlilova isə F.Şopenin 3 №-li sonatasını ustalıqla səsləndirib.
Konsert beynəlxalq müsabiqələr laureatı, BMA-nın magistratura pilləsinin 2-ci kurs tələbəsi Anna Biryukovanın ifasında S.Prokofyevin 2 №-li sonatası ilə yekunlaşıb.