Dünyaca məşhur müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib. Özünəməxsus tərzdə ifası ilə seçilən məşhur müğənninin “Baku Crystal Hall”da keçirilən konserti “Rerfetto” dünya turu çərçivəsində baş tutub.
Müğənni Bakı konsertində ən məşhur mahnılarını ifa edib. O, bildirib ki, ölkəmizə səfərindən və yeni auditoriya qarşısında çıxış etməkdən olduqca məmnundur. Hər zaman konsertlərində gözəl musiqi və unikal şou təqdim edən Eros Ramazzotti azərbaycanlı pərəstişkarlarına da unudulmaz gecə bəxş edib, populyar bəstələri ilə yanaşı, yeni “Rerfetto” albomuna daxil olan mahnılarını da səsləndirib. Müğənninin “Rerfetto” albomu 38 ölkədə “Ən yaxşı 20-lər” sırasında daxil olub.
1963-cü ildə Romada anadan olan Eros Ramazzotti müğənni və bəstəkar kimi insanların qəlbini fəth edib. 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Albomlarının çoxu italyan və ispan dillərindədir. Bu günədək onun 13 albomu işıq üzü görüb.